Azərbaycanda son illər müşahidə edilən inflyasiya dövlət tərəfindən buraxılan dövlət istiqrazlarına marağı azalda bilər.
Eləcə də bax: Gələn ilin dövlət büdcəsi üçün – 6 ƏSAS RİSK - HESABLAMA PALATASI AÇIQLADI
FED.az xəbər verirki, bu barədə Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsi ilə bağıl açıqlanan rəyində bildirilir.
Rəydə Palata dövlət büdcəsi ilə bağlı əsas riskləri sadalayır. Onlardan biri də «Dövlət borcuna xidmətlə bağlı xərclərdə faiz ödənişlərində artım ehtimalının yaranmasıdır».
Palata bildirir ki, inflyasiya göstəricələrinin yüksək olması nəticəsində dövlət istiqrazları investorlar üçün cəlbediciliyini itirə bilər və bunu bərpa etmək üçün gəlir faizlərini artırmaq tələb oluna bilər. Bu isə büdcədən xərclərin artımı deməkdir.
Rəydə bildirilir: «İlin sonuna inflyasiyanın 12,5% gözlənilməsi və növbəti il üçün 6,9% proqnozlaşdırılması istiqrazlar üzrə real gəlirliliyin azalmasına səbəb olur. Mərkəzi Bank tərəfindən likvidliyi yüksək olan qısamüddətli notların buraxılması, bundan əlavə inflyasiyanın yüksək olması ilə daxili dövlət borclanması üzrə cəlb edilən istiqrazlara maraq azala bilər və ya bu hallar müvafiq qiymətli kağızlar üzrə faiz artımını şərtləndirməklə dövlət borcuna xidmət üzrə faiz xərclərinin artımına səbəb ola bilər. Eyni zamanda, növbəti il üzrə büdcə kəsirinin maliyyələşdirilməsi üzrə nəzərdə tutulan və faktiki daxili dövlət borcunun yenidən maliyyələşdirilməsi üçün tələb olunan emissiya təqribən 3,0 mlrd. manat təşkil edir ki, bu da mövcud iqtisadi durumda bank kreditlərinin real sektora transformasiyasını məhdudlaşdırmaqla, geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yaratma ehtimalını yüksəltmiş olur».
Palata onu da qeyd edir ki, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” üzrə müəyyən edilən hədd çərçivəsində olsa da, son dövrlərdə dəyişkən faiz dərəcələri ilə borcların payı ümumi strukturda artmaqdadır. Belə ki, 2020-ci ilin iyul ayının 1-nə olan məlumatda müvafiq borcların payı ümumi borcda 37,3% təşkil edirdisə, 2022-ci ilin iyul ayının 1-nə bu göstərəci 41,9%-ə bərabərdir. Eyni zamanda, təqdim edilmiş məlumatlara əsasən qabaqcıl təcrübə əsas götürülməklə həyata keçirilən dəyişikliklərə görə xarici borcların əsas ödənişinin həyata keçirilməsi üçün bundan sonra daha çox yenidənmaliyyələşdirilmə mexanizminin tətbiq edilməsi nəzərdə tutulur. Aparıcı ölkələrin mərkəzi bankları tərəfindən yürüdülən sərt monetar siyasət isə faiz dərəcələrinin artımını şərtləndirməklə dövlət büdcəsində əlavə xərclərin yaranmasına səbəb olmaqdadır».