Bakı Fond Birjası (BFB) 2021-ci ildə olduğu kimi, 2022-ci ili də zərərlə tamamlayıb.
FED.az birjanın hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə BFB-nin əqdlər üzrə tarif gəlirləri (birjanın əsas gəlir mənbəyidir – FED.az) 2021-ci illə müqayisədə təqribən 10% artaraq 1,8 milyon manatdan 2 milyon manatı keçib. Birjanın digər gəlirləri isə 2 dəfə artaraq 2021-ci ildəki 88 min manatdan 183 min manata yüksəlib.
Nəticədə BFB-nin cəmi gəlirləri 2 milyon 210 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 320 min manat və ya 17% artıqdır.
2022-ci ildə BFB-nin cəmi əməliyyat xərcləri 2,77 milyon manat olub ki, bu da ötən illə müqayisədə təqribən yarım milyon manat artıqdır. Belə ki, birjada əmək haqqı xərcləri 200 min manat, inzibati xərclər 300 min manat artıb.
Nəticədə birja 2022-ci ili 562 min manat əməliyyat zərəri ilə tamamlayıb. 2021-ci ildə zərər daha az idi – 392 min manat.
Ehtimal olunan zərərlərlə bağlı vaxtilə ayrılmış ehtiyatların jeri qaytarılması və maliyyə xərclərini də nəzərə aldıqda 2022-ci ildə Bakı Fond Birjasının vergidən əvvəlki mənfəəti 195 min manat, mənfəət vergisi üzrə ödəməli nəzərə aldaqda isə xalis zərər 256 min manat təşkil edib.
Birja 2021-ci ildə də zərər etmişdi -269 min manat.
Hesabatdan məlum olur ki, 2022-ci ildə Bakı Fond Birjasının aktivləri azalıb – aktivlər 350 min manata yaxın azalaraq 12,28 milyon manatdan 11,9 milyon manata enib.
Maraqlıdırki, birjanın özə pullarının 2,7 milyon manatını qiymətli kağızlarda saxlayır.
Qurumun cəmi kapitalı isə 11 milyon manatdan 10,5 milyon manata düşüb.
Cəmi öhdəliklərdə də artım var – 1,2 milyon manata qarşı 1,4 milyon manat. Yeri gəlmişkən, öhdəliklərin strukturuna nəzər salanda məlum olur ki, Bakı Fond Bijasının 238 min manat icarə borcu var.