Xəbər verildiyi kimi, 2027-ci ildə Azərbaycanda Vergi Məcəlləsinin növbəti dəfə dəyişdirilməsi nəzəridə tutulur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, budəfəki dəyişikliklər vergi qanunvericiliyinin müxtəlif tərəflərini əhatə edir, və həm yeni güzəştlər, həm də yeni nəzarət mexanizmini nəzərdə tutur.
Ümumilikdə 67 istiqaməti əhatə edən dəyişikliklər bəzi məhsulların vergiyə cəlb olunmasını, sahibkarlar üçün yeni güzəştlərin tətbiqini, vergi nəzarətinin gücləndirilməsini və vergi inzibatçılığının sadələşdirilməsini nəzərdə tutur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Vergi Xidmətinin təqdimatına əsasən, dəyişikliklər dörd əsas istiqamətdə qruplaşdırılıb: biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi.
Yeniliklər kənd təsərrüfatı, istehsal, tikinti, ticarət, nəqliyyat, turizm, səhiyyə, gözəllik xidmətləri, kapital bazarı və digər sahələri əhatə edir.
“Biznesi böyüt, vergini azaldım”
Əsas yeniliklərdən biri mikrosahibkarların daha böyük sahibkarlıq kateqoriyasına keçidinin təşviqidir.
Hazırda mikrosahibkarlar üçün nəzərdə tutulan güzəştlərin itirilməsi biznesin böyüməsi zamanı əlavə vergi yükü yarada bilir. Yeni mexanizmə əsasən, mikrosahibkar yuxarı kateqoriyaya keçdikdə əvvəlki hesabat ili üzrə ödədiyi vergiləri növbəti illərin vergi öhdəliklərindən çıxa biləcək.
Kiçik sahibkarlar üçün də ayrıca güzəşt təklif olunur. Ən azı iki il kiçik sahibkar kimi fəaliyyət göstərən, vergi borcu olmayan, dövriyyəsi 30 faizdən çox azalmayan və əmək münasibətlərinə dair qanunvericiliyi pozmayan sahibkarlar beş il müddətinə gəlir və ya mənfəət vergisinin 25 faizi həcmində güzəştdən yararlana biləcəklər.
İxracatçılara beşillik vergi güzəşti
Yerli istehsalın və ixracın artırılması üçün də yeni mexanizm nəzərdə tutulur.
Ölkədə istehsal edilərək ixrac olunan mallardan və müəyyən xidmətlərdən əldə edilən gəlirin ümumi gəlirdəki payına mütənasib olaraq beş il müddətinə gəlir və ya mənfəət vergisi güzəşti tətbiq edilə bilər. Güzəştin yuxarı həddi 25 faiz olacaq.
Dövlət, neft-qaz və maliyyə sektorlarında fəaliyyət göstərən şəxslərin ixracı bu mexanizmdən kənarda qalacaq. Təkrarsığorta fəaliyyəti isə istisna kimi nəzərdə tutulur.
Vergi borcuna görə gecikmə faizi iki dəfə azaldılır
Sahibkarlar üçün diqqətçəkən dəyişikliklərdən biri vergi borclarına hesablanan gündəlik faizin azaldılmasıdır.
Hazırda ödənilməmiş vergi məbləğinə hər gecikdirilmiş gün üçün 0,1 faiz hesablandığı halda, yeni layihədə bu göstəricinin 0,05 faizə endirilməsi təklif edilir. Beləliklə, gecikmə faizinin dərəcəsi 50 faiz azaldıla bilər.
Məsələn, 10 min manat vergi borcuna görə 30 gün ərzində hesablanan faiz mövcud dərəcə ilə 300 manat olduğu halda, təklif olunan dərəcə ilə 150 manat təşkil edər. Bu, yalnız faiz dərəcəsinin dəyişməsini göstərən sadələşdirilmiş hesablamadır.
Digər yeniliyə əsasən, maliyyə sanksiyasını 10 iş günü ərzində ödəyən vergi ödəyicisinə sanksiya məbləğinin 10 faizi qədər güzəşt veriləcək.
Kənd təsərrüfatında vergidən tam azadolma dövrü bitir
Aqrar sektorda əsas yeniliklərdən biri kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlir və mənfəətin vergiyə cəlb olunması qaydasının dəyişdirilməsidir.
Hazırda tətbiq edilən 100 faizlik gəlir və mənfəət vergisi azadolmasının 2027-ci ildən 90 faizlik güzəştlə əvəz edilməsi təklif olunur.
Bu o deməkdir ki, kənd təsərrüfatı istehsalçılarının gəlir və ya mənfəətinin 90 faizi vergidən azad qalacaq, 10 faizindən isə vergi tutulacaq. Yeni qaydanın 2032-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur.
Bununla yanaşı, aqrar sahədə bir sıra mövcud güzəştlərin müddəti daha beş il uzadılacaq. Bunlara ƏDV-dən azadolma, ƏDV-nin ticarət əlavəsindən hesablanması, əmlak və sadələşdirilmiş vergi güzəştləri, eləcə də dövlət büdcəsindən verilən subsidiyaların gəlir və mənfəət vergisindən azad olunması daxildir.
Güzəştlərdən istifadə zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və müvafiq gəlirlərin bəyan edilməsi mühüm şərtə çevrilir.
EKTİS-də qeydiyyatda olmayan fiziki şəxslərdən alış aktı ilə kənd təsərrüfatı məhsulları alınarkən ödəmə mənbəyində 2 faiz vergi tutulması da nəzərdə tutulur.
Yerli traktorlar ucuzlaşacaqmi?
Ölkədə istehsal olunan kənd təsərrüfatı təyinatlı traktorların satışının 2027-ci il yanvarın 1-dən altı il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.
Həmin traktorların istehsalı üçün ehtiyat hissələrinin idxalına da ƏDV və gömrük rüsumu güzəşti tətbiq ediləcək.
Heyvandarlıqda isə kökəltmə məqsədilə heyvanların idxalının üç il müddətinə ƏDV-dən azad olunması nəzərdə tutulur.
Otellərə və turizm şirkətlərinə güzəştlər
Turizm sektorunda əcnəbi turistlərə xidmət göstərən otellər üçün yeni vergi mexanizmi hazırlanıb.
Təklifə əsasən, otellərin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətlər üzrə dövriyyənin ümumi dövriyyədəki payına uyğun mənfəəti vergidən azad edilə bilər. Güzəştin yuxarı həddi 50 faiz, tətbiq müddəti isə beş il olacaq.
Regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisinin 75 faiz azaldılması güzəştinin də üç il uzadılması nəzərdə tutulur.
İkinci əl avtomobil və mənzil satışında ƏDV qaydası dəyişir
Rəsmi avtomobil dilerlərinin fiziki şəxslərdən nağdsız qaydada aldıqları, istehsal tarixi beş ildən çox olmayan ikinci əl avtomobilləri satarkən ƏDV-ni bütün satış qiymətindən deyil, ticarət əlavəsindən hesablaması təklif olunur. Bu mexanizm üç il müddətinə tətbiq edilə bilər.
Oxşar dəyişiklik mənzil bazarına da aiddir. Hüquqi şəxslər, o cümlədən tikinti şirkətləri vətəndaşlardan nağdsız qaydada aldıqları mənzilləri təkrar satarkən ƏDV-ni ticarət əlavəsindən hesablamaq hüququ qazana bilərlər.
Tikinti sektorunda söküntü ilə əlaqədar verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələri üzrə də ayrıca vergi güzəştləri nəzərdə tutulur.
Gözəllik salonları və yükdaşıyanlar üçün yeni vergi rejimi
Gözəllik xidmətləri sektorunda beş il müddətinə nağd dövriyyədən 8 faiz, nağdsız dövriyyədən isə 6 faiz sadələşdirilmiş vergi tətbiq etmək hüququ təklif edilir.
ƏDV ödəyiciləri üçün POS-terminal vasitəsilə formalaşan nağdsız dövriyyənin 50 faizinin ƏDV tutulan dövriyyədən çıxılması da nəzərdə tutulur.
Ölkədaxili yükdaşıma ilə məşğul olan sahibkarlara isə mövcud gəlir və mənfəət vergisi rejimi ilə yanaşı, dövriyyədən 8 faiz sadələşdirilmiş vergi ödəmək seçimi veriləcək.
Çips və şirinləşdirilmiş içkilərə yeni aksiz vergisi
Vergitutma bazasının genişləndirilməsi istiqamətində iki yeni məhsul qrupunun aksizli mallar siyahısına əlavə edilməsi təklif olunur.
Şirinləşdirilmiş mineral və qazlı içkilərin yerli istehsalında hər litr üçün 10 qəpik, çips istehsalında isə hər kiloqram üçün 1 manat aksiz vergisi müəyyənləşdirilə bilər.
Təqdimatda bu addımın məqsədi zərərli məhsulların istehlakının azaldılması və dövlət büdcəsinin gəlirlərinin artırılması kimi göstərilir.
Nağdsız alış-veriş edənlərə əlavə pul qaytarılacaq
Vətəndaşlar üçün mühüm yeniliklərdən biri “ƏDV geri al” mexanizminin genişləndirilməsidir.
Yeni qaydaya əsasən, ƏDV ödəyicisi olmayan vergi ödəyicilərindən nağdsız qaydada mal və xidmət alan istehlakçılara ödənişin 0,9 faizi geri qaytarıla bilər.
Məsələn, müvafiq şərtlərə uyğun 100 manatlıq nağdsız alış-veriş zamanı 90 qəpik, 1000 manatlıq alış-veriş zamanı isə 9 manat geri qaytarılması nəzərdə tutulur.
Bu mexanizm ƏDV ödəyicisi olmayan satıcıları da əhatə etməklə nağdsız hesablaşmaların genişlənməsinə xidmət edəcək.
Taksilərdən vergi avtomatik tutulacaq
Taksi sifarişi operatorları vasitəsilə həyata keçirilən sərnişindaşıma xidmətləri üzrə ödəmə mənbəyində 1 faiz vergi tutulması təklif edilir.
Yeni mexanizmə əsasən, platforma vergini tutaraq büdcəyə köçürəcək və müvafiq bəyannaməni təqdim edəcək. Sürücü isə tutulmalardan sonra qalan məbləği alacaq.
Yanacaq məhsullarının istehsaldan və idxaldan son satış mərhələsinədək markalanaraq izlənilməsi də nəzərdə tutulur.
Səhm və istiqrazlardan gəlirə 50 faiz güzəşt
Kapital bazarının inkişafı üçün ayrıca vergi güzəşti təklif edilir.
Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazların alqı-satqısından əldə edilən gəlirlərə 2027-ci il yanvarın 1-dən beş il müddətinə gəlir vergisi üzrə 50 faiz güzəşt tətbiq olunması nəzərdə tutulur.
Bu gəlirlər üzrə verginin investisiya şirkətləri tərəfindən ödəmə mənbəyində tutulması planlaşdırılır.
Vergi bəyannamələri və borclara möhlət qaydası sadələşir
Vergi inzibatçılığı üzrə dəyişikliklər əvvəlcədən doldurulmuş bəyannamələrin avtomatik təsdiqinin hüquqi mexanizmlərinin yaradılmasını əhatə edir.
Vergi borclarına möhlət verilməsi hüququnun avtomatlaşdırılması və əlavə sənəd təqdim etmək tələbinin aradan qaldırılması da təklif olunur.
Bununla yanaşı, vergi orqanlarına ƏDV depozit hesabları üzrə əməliyyatları monitorinq etmək səlahiyyəti verilə bilər.
Lotereya və idman mərc oyunları operatorları üçün isə mövcud dövriyyədən 6 faizlik vergi rejimi saxlanılmaqla, toplanan məbləğdən ödənilmiş uduşlar çıxıldıqdan sonra qalan gəlir əsasında vergitutma modelini seçmək imkanı nəzərdə tutulur.
Dəyişikliklər biznesə necə təsir edəcək?
Təklif olunan dəyişikliklər göstərir ki, 2027-ci ildə vergi siyasətində iki məqsəd var- birincisi kiçik biznes, ixracatçılar, yerli istehsalçılar və müəyyən xidmət sahələri üçün yeni güzəştlər yaradılır. Digər tərəfdən, aqrar sektorda tam vergi azadolmasının qismən məhdudlaşdırılması, yeni aksizlərin tətbiqi, taksi platformaları və yanacaq dövriyyəsinə nəzarətin artırılması nəzərdə tutulur.
Beləliklə, layihə yalnız vergi güzəştlərinin genişləndirilməsi deyil, həm də bəzi sahələrdə yeni vergi qoyulması, vergitutma bazasının genişləndirilməsi kimi halları da ahəta edir.













