Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov mətbuata müsahibəsində dollar-manat məzənnəsi və qarşıdakı illərdə məzənnənin perspektivi barədə sualı da cavablandırıb.
FED.az xəbər verir ki, Mərkəzi Bank rəhbəri məzənnədən danışarkən vəziyyəti ətraflı izah edib:
Sual: Taleh müəllim, dediyiniz kimi, manatın məzənnəsinin sabitliyi pul siyasətinin başlıca lövbəri kimi çıxış edir. Ötən illərdə məzənnəyə həm ucuzlaşma, həm də möhkəmlənmə istiqamətində təzyiqlər yaransa da, Mərkəzi Bankın valyuta ehtiyatları artıb və son aylarda da artmaqda davam edir. Bu artım o deməkdirmi ki, hazırda möhkəmlənmə təzyiqləri üstünlük təşkil edir və ümumiyyətlə, valyuta ehtiyatları ilə bağlı proqnozlar necədir? Digər tərəfdən, əhalinin əmanətlərində dollarlaşmanın azalması manata inamın gücləndiyini göstərir. Sizcə, bu meyil dayanıqlıdırmı və manatla uzunmüddətli yığımların genişlənməsi üçün daha hansı şərtlər formalaşmalıdır?
Cavab: Düşünürəm ki, bu, izləyicilər üçün ən maraqlı sual olacaq. Çünki söhbət manatın məzənnəsindən gedir. Çox sağ olun sualınıza görə.
İlk növbədə cari vəziyyəti diqqətinizə çatdırmaq istərdim. Son 18 ayda valyuta bazarında təklif tələbi üstələyib. Bu bir faktdır.
İkinci fakt isə ondan ibarətdir ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün qeyd edim ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. Göründüyü kimi, kifayət qədər azalma var.
Eyni zamanda, bu ilin altı ayı ərzində Mərkəzi Bank 1.5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib. Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə etdik ki, məzənnə 1.7 səviyyəsində qalsın. Yəni valyuta bazarında, yenə dediyim kimi, təklif tələbi üstələyir. Əhalinin manata olan inamı son 4 ildə çox artıb. Bu sadəcə sözlər deyil, bunun arxasında rəqəmlər də var.
2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40%-i valyutada idisə, bu gün bu göstərici cəmi 25%-dir. Yəni azala-azala dollarlaşma səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artıb. Rəqəmlə desək, 6.3 milyard artıb və 12.5 milyard manat səviyyəsində formalaşır. Bu da əhalinin manata inamının gücləndiyini və valyutaya tələbatın azaldığını göstərir.
Fürsətdən istifadə edərək, Mərkəzi Bankın məzənnə ilə bağlı yanaşmasını da sadə şəkildə izah etmək istəyirəm. Düşünürəm ki, Mərkəzi Bankın sədrinin fikri izləyicilər üçün də maraqlıdır:
Valyuta bazarı 3 istiqamətdən təsirlənir: İlk növbədə cari əməliyyatlar balansının (CƏB) valyuta bazarına təsirlərini qeyd etmək istəyirəm. Cari əməliyyatlar balansı çox sadə dildə desək iqtisadiyyatımızın əməliyyatları və fəaliyyəti nəticəsində ölkədən çıxan və gələn valyutanın balansıdır.
Yəni balans profisitli olanda, bu o deməkdir ki, ölkəyə daha çox valyuta gəlib, kəsirli olanda isə o deməkdir ki, ölkədən valyuta gedib. Sabit məzənnə rejimi ölkələrində CƏB-də kəsir olanda bu kəsiri Mərkəzi Bank bağlayır. Bizdə son illər profisitlidir, gələn il də profisitli olacaq.
Burada vacib məqam var. İstərdim ki, mümkün qədər bunu izah edim. Neftin orta illik qiyməti 45 dollar olduğu şəraitdə bizim cari əməliyyatlar balansımız profisitlidir.
Birinci sualda da qeyd etmişdim ki, neftin qiymətində hər 10 ABŞ dolları dəyişiklik iqtisadiyyata təxminən 1,2 milyard ABŞ dolları təsir göstərir. Qiymət artdıqda bu əlavə gəlir, azaldıqda isə eyni həcmdə kəsir deməkdir.
Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 13,2 milyard ABŞ dolları, ölkənin ümumi strateji valyuta ehtiyatları isə 85,8 milyard ABŞ dollarıdır.
"Neftin orta illik qiyməti 45 dollar olsa belə, Azərbaycanın cari əməliyyatlar balansı profisitdə qalacaq"
Çox vacib məsələ ondan ibarətdir ki, son 20 il ərzində təkcə 2020-ci ildə neftin orta illik qiyməti 42 dollar olub. Yəni, ondan aşağı olmayıb. Biz orta illik qiymətə baxmalıyıq. Bəzən görürəm ki, neftin qiyməti qısa müddətə aşağı düşən kimi həm vətəndaşlar, həm də biznes nümayəndələri dərhal narahat olurlar. İl ərzində neftin qiyməti 0-a da düşə bilər, 200-ə də qalxa bilər. Əsas bizə vacib olan göstərici orta illik qiymətdir.
Mən isə öncədən qeyd etdiyim kimi, neftin orta illik qiyməti 45 dollar olsa belə, bugünkü hasilat həcmlərini də nəzərə alsaq, bizim cari əməliyyatlar balansımız profisitlidir.
İkinci kanal büdcədir. Hazırda büdcədə neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində təsdiq edilib. Burada da hesablamalarımız onu göstərir ki, 10 dolların dəyişimi icmal büdcəyə 1.4 milyard manat təsir edir.
Azərbaycanın bugünkü büdcə həcmi üçün bu böyük rəqəm deyil. Yəni hansısa xərclərimizi azaldaraq və ya hansısa investisiya layihələrimizi, əsaslı xərclərimizi növbəti ilə keçirməklə biz rahatlıqla potensial yarana biləcək təsirlərin, mənfi təsirlərin qarşısını ala bilərik. Yəni nə cari əməliyyatlar balansında, nə büdcədə neftin qiymətinin azalmasında böyük problem görmürük.
Valyuta bazarına təsir edən üçüncü istiqamət isə iqtisadi subyektlərin, xüsusilə əhalinin və biznesin gözləntiləridir.
Təəssüf ki, son 4 ildə bilmirəm necə adlandırım onları, bizi istəməyənlər, ölkə daxilində olanlar, öz azərbaycanlılarımız, üzr istəyirəm ifadəmə görə, əsəbləşib deyirik ki, mərdimazardırlar. Yəni heç bir fundamental əsasları olmadan başlayırlar deməyə ki, “kurs dəyişəcək”. İnsanlar da başlayır narahat olmağa və hamı axırıncı manatını götürüb qaçır valyuta mübadilə məntəqəsinə dollar alır, bir həftədən sonra yenə də satır. Burada udan yalnız o həmin mən dediyim insanlar olur ki, hansı ki, sosial şəbəkələrdə özlərinə "layk" qazanmaq istəyirlər. Bir də valyuta mübadilə məntəqələridir. Çünki əhali dollar alır, bir həftədən sonra, bir aydan sonra satır. Mən ona görə istəyirəm bunu çox sadə dildə izah edim. Bunun üçün hər hansı fundamental əsas yoxdur. Hansısa qərarı verməmişdən öncə təhlillər aparmalıyıq, yəni doğrudanmı bizdə problem var?
Mərkəzi Bankın pul siyasətinə qayıdıram və bayaqkı sualda da cavab verdim ki, bizim əsas məqsədimiz, mandatımızın qiymət sabitliyidir və makroiqtisadi sabitlikdir. Buna nail olmaq üçün bugünkü çərçivə, sabit məzənnə rejimi tam uyğundur. Bu siyasətimizi növbəti illərdə də davam etməyi planlaşdırırıq.















