Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmişdir.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaqdır.
Risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən orta müddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir. Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcəkdir.
Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcəkdir.
İnflyasiyanın dinamikası. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən müddətdə qiymətlərin artım tempi azalmış, rəsmi statistikaya görə avqustda illik inflyasiya 2.4% təşkil etmişdir. İnflyasiya komponentlərindən olan ərzaq qiymətləri (4.7%) ümumi inflyasiya səviyyəsini üstələyir, qeyri-ərzaq (1.2%) və xidmətlər isə (0.1%) ümumi inflyasiya hədəfi diapazonunun mərkəzindən aşağıda qalır. Ərzaq qiymətlərinin artım dinamikası qiymətlərə yüksək ötürücülüyü olan dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşmasından təsirlənir. Bütövlükdə həm ümumi inflyasiya, həm də onun komponentləri hədəf diapozonu daxilində formalaşır.
Məcmu tələbin əsas komponenti olan istehlakın canlanması və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində monetar şərait, ikitərəfli
və çoxtərəfli məzənnələrdə sabitlik və mövsümi faktorlar inflyasiya proseslərinə stabilləşdirici təsir edir.
Real sektorun monitorinqinin nəticələrinə əsasən avqustda qiymət gözləntilərində ticarət, xidmət və tikinti sektorlarında azalma, qeyri-neft emal sənayesində isə artım müşahidə olunmuşdur.
Məcmu tələbin əsas komponentlərindən olan fiskal xərclərin artması və istehlakın genişlənməsi meyilləri şəraitində 2019-cu ilin sonuna inflyasiyanın hədəf intervalında (4±2%) formalaşacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə inflyasiya səviyyəsi xarici və daxili risklərin reallaşması miqyasından asılı olacaqdır.
Monetar şərait. Monetar şərait neytrallığa yaxınlaşmaqda davam edir. İlin əvvəlindən manatla pul bazası 6.6% artmışdır. Vahid xəzinə hesabı qalığının və Mərkəzi Bankın sterilizasiya portfelinin dəyişimi pul bazaının trayektoriyasını müəyyənləşdirən başlıca amillərdir.
Monetar şəraitin yumuşaldılması pul bazarında formalaşan kredit və depozit faizlərinə azaldıcı təsir göstərməkdədir. Dövlət qiymətli kağızları bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel şəkildə dəyişir.
İqtisadi aktivlik. 2019-cu ilin yanvar-iyul aylarında ümumi daxili məhsul real olaraq 2.5% artmışdır. Qeyri-neft sektorunda artım 3% olmuş və əsasən ticari sektordan qaynaqlanmışdır. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft sənayesində artmış, ticarətdə azalmış, xidmət və tikinti sektorlarında isə dəyişməz qalmışdır.
İstehlakın və qeyri-neft investisiyalarının genişlənməsi şəraitində qabaqlayıcı tsikl göstəricilərinin əksəriyyəti yüksəlməyə meyillidir.
Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 ABŞ dollar) şəraitində xarici ticarət balansı profisitli olmuşdur. İlkin məlumata görə 8 ayda ixrac 5.1%, o cümlədən, qeyri-neft ixracı 15.4% artmış, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11.7% təşkil etmişdir.
Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir.
Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10.5% və ya 4.7 mlrd. dollar artaraq 49.4 mlrd. dollara çatmışdır.
Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 5.1%, o cümlədən, ət məhsulları üzrə 10.7%, süd məhsulları üzrə isə 14.4% yüksəlmişdir (mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).
Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb
amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər.
İnflyasiya riskləri. Qısamüddətli proqnoz horizontunda inflyasiyaya təsir göstərəcək başlıca amil məcmu tələbin əsas komponenti olan istehlakın genişlənməsidir. Fiskal stimulların artdığı və istehlak kreditləşməsində aktivləşmə şəraitində istehlakın və idxalın daha əhəmiyyətli genişlənməsi mümkündür. Fiskal genişlənməyə paralel olaraq pul kütləsinin artımı inflyasiya mühitinə təsir göstərən amillərdəndir.
Ortamüddətli dövrə risk amilləri əsasən xarici sektordan gələ bilər. Qlobal ticarət və valyuta sferasında olan gərginliklərin davam etməsi qlobal iqtisadi aktivliyin zəifləməsi risklərini yüksəldir. Bu şəraitdə son aylar neftin dünya qiyməti üzrə dəyişkənlik diapazonu genişlənmişdir.
Bu qərar 13 sentyabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il oktyabr ayının 25-də ictimaiyyətə açıqlanacaq və bu tarixdə qrafikə uyğun olaraq mətbuat konfransı keçiriləcəkdir.