Azərbaycanın aparıcı banklarından olan «Ekspressbank» ASC 2020-ci ilin nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ötən il bankın əməliyyat mənfəəti kəskin artıb və bank ili 8 milyon 629 min manat mənfəətlə tamamlayıb.
Hesabata əsasən 2020-ci ildə «Expressbank»ın faiz gəlirləri 1,5 milyon manat və ya 4%-dən çox artaraq 39 milyon 192 min manat təşkli edib. Faiz gəlirlərinin böyük hissəsi bankın kredit portfelindən əldə edilən faizlərin hesabınadır – 36 milyon 443 min manat (4,6% artım). Ötən il bankın qiymətli kağızlardan əldə etdiyi gəlirlər də 32% artaraq 2,2 milyon manata çatıb.
Bankın faiz gəlirləri isə azalaraq 7 milyon 478 min manat olub, Ötən il bu göstərici 10 milyon 646 min manat idi.
2020-ci ildə «Expressbank» depozitlər üzrə 5 milyon 545 min manat faiz ödəyib.
Nəticədə 2020-ci ildə bankın xalis faiz gəliri 31 milyon 714 min manat olub. Bu əvvəlki illə müqayisədə 4,7 milyon manat və ya 17% artıqdır.
Ötən il «Expressbank»ın qeyri-faiz gəlirləri 13 milyon 291 min manat olub. Bunun 10 milyon 349 min manatı müştərilərə xidmət üzrə haqq və komissiya gəlirlərinin payına düşüb. Bu dövrdə hüquqi şəxs və fərdi sahibkarlar üzrə haqq və komissiya gəlirləri isə 22% artaraq 3.7 milyon manat təşkil edib.
Yeri gəlmişkən, «COVID-19» pandemiyasının xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs müştərilərinə yaratdığı çətinlikləri nəzərə alaraq, biznesə dəstək məqsədilə bir sıra bank əməliyyatları üzrə xidmət haqqı komissiyalarına endirimlər tətbiq edilib.
Bankın qeyri-faiz xərcləri isə optimallaşdırma nəticəsində 4 milyon manat azalaraq 33 milyon 114 min manata enib. Bunun 14,7 milyon manatnı əmək haqqı, 6,7 min manat isə ümumi və inzibati xərclər təşkil edib.
Nəticədə bank 2020-ci ili 11,9 milyon manat əməliyat mənfəəti ilə başa vurub. Bu ötən illə müqayisədə 7,1 milyon manat və ya 2,5 dəfə artıqdır.
Bu məbləğdən 2,9 milyon manat mmükün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlara ayrılıb. 2,1 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə «Expressbank»ın il üzrə xalis mənfəəti 6 milyon 829 min manat təşkil edib.
2020-ci ilin nəticələrinə görə, «Expressbank»ın cəmi aktivləri 313 milyon 448 min manat təşkil edib. Bunun 209 milyon 743 min manatı kredit portfelidir. Ötən il «Expressbank» biznes kreditlərini artırıb – biznes kreditləri portfeli 7 milyon manat artaraq 65,5 milyon manata yüksəlib.
Belə ki, Bank 2020-ci il ərzində müxtəlif sahibkarlıq subyektlərinə 77 milyon manat məbləğində 1500-dən artıq kredit vermişdir. Eyni zamanda 70-dən artıq sahibkara 11 milyon manat məbləğində subsidiyalı kreditlər verilmişdir ki, bunun da 4 milyon manatdan yuxarı hissəsi pandemiyadan zərərçəkən sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür. Daşınmaz əmlak sektoruna ayrılan kreditlər 8,6% artaraq 30,2 milyon manat, istehlak kreditləri isə 114 milyon manat təşkil edib.
2020-ci ilin yekunlarına əsasən «Expressbank»ın qiymətli kağızlara investisiyaları 45 milyon 951 min manat olub.
Ötən ilin sonuna bankın öhdəlikləri 192 milyon 390 min manat təşkil edib. Bankdakı depozitlərin məbğləği 118,7 milyon manat olub. Bunun 93,5 milyon manatı fiziki şəxslərin əmanətləri, 25,1 milyon manat isə hüquqi şəxslərin depozitlərinin payına düşüb.
2020-ci ildə bankın kapitalı 7 milyon manat və ya 5,8% artaraq 121 milyon manata yüksəlib.
2020-ci ilin 4-cü rüb göstəricilərinə əsasən “Expressbank” ASC prudensial normativləri yüksək səviyyədə yerinə yetirib. Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 46.98% (min. tələb 5% olduğu halda) təşkil edib, bu da bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir. Məcmu kapitalın adekvatlıq əmsalı 51.11% (min. tələb 9% olduğu halda), Leverec əmsalı isə 32.68% (min. tələb 4% olduğu halda) təşkil edib.
Bank, 2020-ci il dövrü üzrə yüksək likvidliyi ilə fərqlənib, belə ki, ilin sonuna ani likvidlik əmsalı 90.96% (min. tələb 30% olduğu halda) təşkil edib. Bu əmsallar üzrə “Expressbank” ASC ölkənin bank sektorunda yüksək pillələrdə dayanır.