Yaxın gələcəkdə bank sektorunda əsas rəqabət insanla süni intellekt arasında deyil, süni intellektdən istifadə etməyi bacaran və bacarmayan bankirlər arasında gedəcək.
FED.az xəbər verir ki, bu barədə mətbuata müsahibəsində “AFB Bank” ASC-nin Korporativ Biznes Mərkəzinin İcraçı Direktoru Hüseyn Bağırlı bildirib.
“Fikrimcə, yaxın gələcəkdə əsas rəqabət insan ilə süni intellekt arasında olmayacaq. Əsas rəqabət süni intellektlə işləməyi bacaran bankirlə, bunu bacarmayan bankir arasında gedəcək”, – deyə H.Bağırlı qeyd edib.
Onun fikrincə, süni intellekt bankçılıq üçün böyük imkanlar yaradır. Texnologiya böyük həcmdə məlumatı yüksək sürətlə təhlil etməklə müştərinin hələ açıq şəkildə ifadə etmədiyi ehtiyacları müəyyənləşdirməyə və bankirə qərar qəbul etməkdə kömək edə bilər.
Amma rəqəmsallaşma bankirlə müştəri arasındakı canlı əlaqəni aradan qaldırmamalıdır. Əksinə, gündəlik rutin əməliyyatların avtomatlaşdırılması bank əməkdaşına müştəri ilə daha çox işləmək üçün vaxt yaratmalıdır.
H.Bağırlının sözlərinə görə, korporativ müştərilər üçün vaxt ən qiymətli resurslardan biridir. Buna görə internet-bankçılıq və digər rəqəmsal kanallar artıq sadəcə əlavə rahatlıq deyil, müştəri təcrübəsinin əsas elementlərindən birinə çevrilir.
Gündəlik köçürmələr, ödənişlər, arayışlar və digər rutin əməliyyatların mümkün qədər rəqəmsal müstəvidə həyata keçirilməsi bankirin vaxtını daha mürəkkəb məsələlərə yönəltməsinə imkan verir.
“Texnologiya prosesi sürətləndirəcək, insan isə etimad və münasibət quracaq”, – deyə H.Bağırlı bildirib.















