Azərbaycanda bank sektoru və vətəndaş-bank münasibətləri inkişaf etdikcə, insanların maliyyə savadı da yüksəlir.
Azərbaycan bankları bir ildə 231 yeni bankomat quraşdırıb
FED.az xəbər verir ki, artıq ölkə vətəndaşları kreditə daha məsuliyyətlə yanaşır, yalnız lazım olanda kredit üçün müraciət edir, başqalarına zamin məsələsində ehtiyatla davranırlar.
Banklar isə öz partnyorlarına olan inamı onların əməkdaşlarına da aid etməyə başlayıblar. Məsələn, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı tərəfdaş şirkət və sahibkarların əməkdaşlarına kredit fərqli şərtlərlə təqdim edir.
İstehlak kreditləri bazarında baş verən yeniliklər, müştəri davranışlarının dəyişməsi və Beynəlxalq Bankın bu sahədəki təklifləri ilə bağlı FED.az-ın suallarını Azərbaycan Beynəlxalq Bankının Pərakəndə Bankçılıq Departamentinin nümayəndəsi Rüstəm Gülməmmədov cavablandırır.
- Rüstəm müəllim, artıq ölkədə toylara icazə verildi. Sizcə bu istehlak kreditlərinə tələbatı artıracaqmı? Ümumiyyətlə belə hal olubmu ki, vətəndaşlar sırf toya getmək üçün istehlak krediti götürsün?
- Ümumiyyətlə, Azərbaycan reallığını nəzərə alsaq, toy zamanı öz adət-ənənələrimiz var: daha çox verilən cehiz məsələləri, toyların keçirilməsi, xeyir işlər – bunlar sırf pandemiya ilə əlaqədar toylar dayandığına görə bu tip müraciətlər son dönəmlər azalmışdı.
- Cehiz almaq üçün kredit müraciətləri də dayanmışdı?
- Bəli. Amma son dönəmlərdə müraciətlər artıq başlayıb. Toyların bərpa olunduğu elan edildi və indiyədək olan neçə illik təcrübəni nəzərə alsaq, bu kimi müraciətlər artacaq. Çünki bu təcrübədə də dəfələrlə olubdur. Sırf xeyir işlərin görülməsi və müxtəlif məclislərin keçirilməsi üçün.
- Siz 10 ildən artıqdır ki, istehlak kreditləri sahəsində çalışırsınız. On il bundan əvvəl vəziyyət belə idi ki, əgər mənim telefonuma “sizə kredit düşür” deyə sms gəlsəydi, mən bütün işimi-gücümü atıb banka gedərdim ki, o krediti götürüm.
Baxmayaraq ki, mən o krediti nə üçün götürdüyümü, nəyə xərcləyəcəyimi bilmirdim. Əvvəl vəziyyət belə idi, indi necədir?
- Tamamilə doğrudur. İnandırım sizi, əvvəl sms gəlirdi, hətta dəfələrlə olurdu ki, müştəri heç SMS-i açıb oxumurdu, sadəcə bankın adını görüb birbaşa yaxınlaşırdı banka ki, mən kredit götürmək istəyirəm. Əvvəllər müştərilərin böyük əksəriyyəti krediti məqsədsiz, təyinatsız götürürdü.
- Yəni krediti götürür, sonra fikirləşirdilər ki, mən bunu nə edəcəm…
- Bəli, əvvəl götürür, sonra fikirləşirdilər. Amma son vaxtlar vəziyyət kəskin dəyişilib. Artıq müştərilər kredit götürdüyü zaman birinci fikirləşirlər - bu kredit mənə həqiqətən lazımdırmı? Lazımdrsa, nə qədər məbləğ lazımdır? Yəni məsələn, əvvəllər olurdu ki, baxırdıq, müəyyən qaydalar çərçivəsində müştərinin ehtiyacından da artıq kredit təklif edə bilirdik, müştəri bunu götürürdü. Amma bu gün elə deyil, müştəri artıq nə istədiyini bilir. Yəni məsələn, müraciət anında beş min lazımdırsa, beş min, on min lazım olsa, on min kredit götürəcək, artıq yox.
- Belə olubmu ki, siz müştəriyə deyirsiniz ki, «sizə on min manat da kredit verə bilərik» - məsələn - amma o, deyir ki, «xeyr, mənə on min lazım deyil, məsələn, üç min verin».
- Bəli, son vaxtlar bu hal tez-tez baş verir. Əvvəllər belə deyək də, çox az bir göstərici olardı ki, hansısa bir müştəri deyərdi ki, o kreditə mənim ehtiyacım yoxdur, çox az bir məbləğ lazımdır, amma son dönəmlərdə elə deyil. Müştərilərin böyük əksəriyyəti artıq sırf ehtiyacı olanı, ona lazım olan məbləği götürür. Ondan artığını artıq götürmək istəmir, çünki son dönəmlərdə müştərilərimizin də, vətəndaşlarımızın da maliyyə savadlılığı kəskin artıbdır.
Onlar bilirlər ki, kredit götürməklə iş bitmir, onu qaytarmaq lazımdır, artıq bu faktların hamısını onlar düşünürlər.
- Çünki müştərilər başa düşürlər ki, krediti vaxtında qaytarmayanda kredit tarixçələri korlanır və onlar üçün problemlərə səbəb olacaq...
- Bəli, xatırladım ki, bütün kredit tarixçələri Mərkəzi Bankdakı Mərkəzləşmiş Kredit Reyestrində, eləcə də Azərbaycan Kredit Bürosunda toplanır və bütün bank sistemi bu sistemdən istifadə edir. Bu o deməkdir ki, hansısa bir «A» bankında sizin tarixçəniz varsa, onu bütün banklar görür, ona görə də artıq müştərilər buna getmirlər, çalışırlar ki, tarixçələrini belə deyək, daha yaxşı saxlasınlar, korlamasınlar, çünki banklarla uzunmüddətli münasibətlər qurulur.
- Bəs kreditləri, xüsusilə istehlak kreditlərini qaytarmaqda necə, vəziyyət dəyişib? On il əvvəlki vaxtla müqayisədə kreditlər nə qədər intizamlı qaytarılır?
- Əvvəlki dövrlü müqayisədə kəskin fərq var. İndi kreditlər daha yaxşı qaytarılır. Qeyd etdiyim kimi, artıq vətəndaşların maliyyə savadı həqiqətən kəskin artıb.
Məsələn, əvvəllər müştərilər krediti götürəndə əsas məqsəd krediti götürmək idi, yəni ödənişlərə yanaşma tam fərqli idi. 10-20 gün gec ödəmək normal sayılırdı. Amma indi elə deyil. İndi müştərilər çalışır ki, əməkhaqqı alanda birinci növbədə krediti ödəsinlər, hətta dəfələrlə olub, müştəri özü xahiş edib ki, xahiş edirəm mən maaşımı çıxartmamış mənim kreditim ödənilsin, ondan sonra mən digər ehtiyaclarımı bilim,.
- Bankirlər bizə həmişə deyirər ki, krediti qaytarmaq imkan yox, məsuliyyət işidir. Yəni adamın məsuliyyəti varsa, onun imkanı olmasa da, bu krediti qaytaracaq. Bu doğrudurmu?
- Tamamilə doğrudur, bəli. Çünki dəfələrlə olur, keyslər üzərində biz görürük ki, müştərilər müraciət edir, kifayət qədər gəliri var müştərinin, amma baxırsan, kredit tarixçəsi elə də qənaətbəxş deyil, ürəkaçan deyil. Yəni hər zaman deyilən bir söz var: insanın şəxsi keyfiyyəti çox yaxşı ola bilər, məsuliyyəti çox yaxşı ola bilər, amma kreditə məsuliyyət tam fərqli bir hissdir, yəni sənin maddi vəziyyətin yaxşı ola bilər, amma kreditə məsuliyyətin zəif olar.
- Müsahibə zamanı bizə bir Facebook istifadəçisi - Bəxtiyar Həsənov yazıb ki, bölgələrdə kredit faizləri, onun sözləri ilə desək, dəhşətli dərəcədə yüksəkdir, nə vaxtadək belə davam edəcək? Elə sizin bankdan başlayaq - Beynəlxalq Bankda istehlak kreditlərinin faiz dərəcəsi necədir?
- Əli müəllim, mən tamamilə əminliklə deyə bilərəm ki, bu gün bank sektorunda Azərbaycan Beynəlxalq Bankı müştərilərinə ən yaxşı şərtlərlə kredit verən bankdır. Bu həm komissiya haqqlarına, həm də faiz dərəcələrinə aiddir. İstifadəçi bölgələrdəki faiz dərəcəsi barədə yazıb, amma bizim bankda bölgələr üzrə kredit faizlərində heç bir fərq yoxdur. Biz kreditləri Bakıda da, Naxçıvanda da, yaxud Qubada da eyni faizlə ayırırıq.
- Rəqəmlərə keçək - Beynəlxalq Bankda istehlak kreditləri üzrə kredit faizləri necədir?
- 16 faizdən başlayır və 20-21 faizədək dəyişir. Bu günkü gündə bank reallıqlarını nəzərə alsaq, çox yaxşı faizlərdir və orta bazar göstəricilərindən xeyli aşağıdır.
- Rüstəm müəllim, istehlak kreditləri ilə bağlı əvvəllər mövcud olan və indiyədək davam edən böyük problemlərdən biri də zaminlikdir. Əvvəllər, yəni məsələn on il bundan əvvəl zaminlik formal proses idi, mənə desəydilər ki, zamin ol, məmnuniyyətlə olardım, hətta bir neçə nəfərə eyni zamanda zamin olduğum vaxt olub. İndi necədir vəziyyət? Məsələn, mən indi bunu etmərəm, bəs digər müştərilərdə vəziyyət necədir?
- Digər müştərilərdə də vəziyyət dəyişib. Sizin kimi, artıq müştərilərin böyük bir qismi bunu etmir, yəni zamin dayanmır.
- Səbəbi nədir?
- Yenə də hər şey maliyyə savadlılığının üstündə dayanır. Məsələn, əvvəllər siz zamin durduğunuz halda AKB-də sizin zaminliyiniz – öhdəliyiniz görsənmirdi.
- Yəni mən zamin durmuşdumsa və sonra özüm kredit almaq üçün müraciət edirdimsə, bankın işçisi mənim zamin olduğumu görmürdü?
- Əgər zamin dayandığınız kredit başqa bankdan götürülmüşdüsə, digər bank bunu görmürdü.
- İndi görürlər?
- Əlbəttə, indi görürlər və artıq bu zaminlik sizin öhdəliyiniz sayılır. Nəticədə artıq zaminliyə qarşı yanaşma dəyişilib. Əvvəllər dəfələrlə olurdu müştərilər kredit götürürdü, zaminliyi isə formal bir məsələ sayırdılar. Amma indi götürülən məbləğ zamin duran şəxsin öhdəliyinə sayılır, ola bilsin ki, özünə kredit lazım olduğu təqdirdə o öhdəlik onun gəlirindən, belə deyək, əvəzlənir, çıxılır. Ona görə də insanlar əvvəlki kimi həvəslə zamin durmurlar, bu hallar kəskin azalmağa başlayıb.
- Beynəlxalq Bankın digər maraqlı layihəsi onun müştərisi olan şirkət və sahibkarların əməkdaşlarına istehlak kreditlərini fərqli şərtlərlə ayırmasıdır. Sizin bankda hesabı olan, o cümlədən əmək haqqını sizin bank vasitəsilə ödəyən şirkətlərin əməkdaşlarına istehlak kreditləri hansı şərtlərlə verilir? Bunların başqa müştərilərdən fərqi varmı?
- Ümumiyyətlə Azərbaycan Beynəlxalq Bankı kartları vasitəsilə əməkhaqqı və ya təqaüd alan müştərilərə biz hər zaman xüsusi şərtlərlə - istər kredit faizində, istərsə də məbləğində və müddətində - xüsusi güzəştlər edirik. Təbii ki, bankdaxili və Mərkəzi Bankın qoyduğu qaydaları qorumaq şərti ilə.
- Məsələn belə şəxslərə kreditlər hansı şərtlərlə verilir?
- Əvvəla, bu gün həmin şəxslər üçün kredit götürmək çox sadədir: tək şəxsiyyət vəsiqəniz kifayət eləyir ki, artıq yaxınlaşıb bizim istənilən filialımızdan (elə bir məhdudiyyətimiz də yoxdur ki, sizin əməkhaqqınız filan filialdan verilir, ora yaxınlaşmalısınız) kredit müraciəti edəsiniz. Yəni iş yerinizdən arayış tələbi yox, zamin tələbi yox, yəni sadədir.
- İki şirkətdir, birinin hesabları ABB-dədir, digərinin hesabları sizdə deyil və onların işçiləri sizdən kredit istəyir. Hesabları sizdə olan və əməkhaqqını sizin bank vasitəsilə ödənilən şəxsin alanın alacağı kreditin faizi nə qədər aşağı olur?
- Bayaq dediyim kimi, belə şəxslər üçün kreditlərin faizləri 16 faizdən başlayır.
- Beynəlxalq Banka partnyor olan şirkətlərin işçiləri üçün əlavə hansı güzəştlər var?
- Birinci növbədə, dediyimiz kimi, onlar üçün faizlər aşağıdır və 16%-dən başlayır. Bu faiz müştərinin əməkhaqqına, kreditin hansı müddətə götürüldüyünə əsasən dəyişir.
Bundan başqa, bizdə müəyyən kredit məhsulları var ki, digər bankın da kreditlərini biz maliyyələşdirib bağlaya bilirik, buna yenidən maliyyələşdirmə deyilir.
Digər tərəfdən, bizim bank vasitəsilə əməkhaqqı alan müştərilərin üstünlüklərindən biri də ilkin mərhələdə müştəriyə daha böyük məbləğdə kreditin verilməyidir. Normalda banklar daha çox tələb eləyir ki, belə deyək, müştəri bizimlə işləsin, bizdə tarixçə yaratsın, biz müştərini bank olaraq, tanıyaq, amma biz bu günkü gündə bazarda o priotetləri demək olar ki, sındırmışıq, artıq müştərinin ehtiyacına uyğun məbləğ və müddət təklif edə bilirik.
- Azərbaycan Beynəlxalq Bankının müştərisi olan şirkətin əməkdaşı kredit götürmək istəyirsə, o, necə müraciət etməlidir, şirkətin xətti ilə, ya öz xəttiylə? Ümumiyyətlə, proses necə baş verir?
- Kredit müraciəti üçün bir neçə üsul var: müştəri fiziki olaraq özü də yaxınlaşa bilər istənilən filialımıza, istər bizim mobil tətbiqdən sorğu göndərə bilər, istər qaynar xəttlə, istərsə də bizim saytımız vasitəsilə müraciət edə bilər.
Yəni imkanlarımız fərqlidir, müştərilərimiz istənilən variantda müraciət edə bilər. Müraciətdən sonra artıq müştəri bayaq qeyd elədiyim kimi, yaxınlaşır, biz tələbini, ehtiyacını dəqiqləşdiririk, ona uyğun məhsullarımızı təqdim edirik, sonra rəsmiləşmə prosesi başlayır. Bizim maksimal müddətimiz, yəni kredit rəsmilədirmə müddəti maksimal 20-30 dəqiqə çəkir, sonra müştəri pulu götürüb gedir.
- Bayaq qeyd elədiniz ki, əvvəllər lazım olmayanda da kredit götürürdülər, indi bu hal azalıb. İndi kreditə ehtiyacı olmayan adamlar kredit götürürlərmi, yaxud müraciət edirlərmi?
- Belə müraciətlərin sayı çox azdır, olmayan dərəcədədir, artıq bunu kredit kartları əvəz edir. Artıq müştəri, kredit kartını götürür ki, ehtiyacı olduğu təqdirdə istifadə etsin.
- Hərçənd, təcrübə göstərir ki, insan kredit kartı götürübsə, onu xərcləyəcəkdir. Kredit kartında pul varsa, insan çox nadir hallarda o pulu xərcləməkdən özünü saxlayır.
Bəs özünə yaxşı kredit tarixçəsı düzəltmək üçün kredit götürənlər varmı?
- Bəli, olur. Müştərilər müraciət edir, soruşuruq ki, kreditin təyinatı nədən ibarətdir. Çünki bizim üçün ilk növbədə kreditin təyinatı maraqlıdır. Müştəri isə sadəcə deyir ki, mənə simvolik bir məbləğ, məsələn 300-500 manat kredit verin ki, bankda tarixçəm yaransın. Belə hallar çox olur.
- Yəqin ki, o pulu heç xərcləmədən, nümunəvi şəkildə qaytarırlar.
- Bəli, müəyyən bir müddətdə – 3-5 aya, hissə-hissə qrafikə uyğun ödəyirlər və bununla da müştərinin kredit tarixçəsi yaranır.
- Bəs pensiyaçıların kredit üçün müraciətləri çoxdurmu?
- Bəli, bu gün pensiyaçıların istehlak kreditləri götürməsi üçün müraciətləri kifayət qədərdir. Çünki bizim bank vasitəsilə təqaüd alan müştərilərimiz çoxdur, kifayət qədərdir və onlar da müraciət edirlər.
- Pensiyaçılara kredit əsasən nə üçün lazım olur? Belə deyək, o aktiv həyat tərzi keçirmir, xərcləri də adətən az olur. Belə halda onlar krediti hansı məqsədlə götürürlər?
- Bu məsələdə, belə desək, Azərbaycan reallığı rol oynayır. Müşahidələr göstərir ki, pensiyaçıların götürdüyü kreditlərin böyük hissəsi əsasən onun ailəsinə, yəni ailənin digər üzvlərinə lazım olur. Müraciətlər ediləndə göstərirlər ki, məsələn, qızıma hansısa əşyanı alıram, oğlum və ya nəvəm üçün hansısa alış edəcək və sair.
- Təqaüdçülərimizə uzun ömür arzulayırıq. Müsahibə üçün təşəkkür edirəm.
- Buyurun.