Sabit məzənnə rejimi Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin əsas lövbəridir.
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz uçot dərəcəsi ilə bağlı qərarları verərkən növbəti 3 ay üzrə gözləntiləri nəzərə alırıq. Cari inflyasiyanı, sözsüz ki, nəzərə alırıq, amma əsas diqqəti orta müddətdə inflyasiyanın hansı səviyyədə olacağına yönəldirik. Bizim proqnozlarımız göstərir ki, orta müddətdə, yəni qarşıdakı iki il ərzində inflyasiya hədəf diapazonunda olacaq. Qısamüddətli inflyasiya proseslərini də, əlbəttə, nəzərə alırıq. Lakin əsas diqqətimiz orta müddətli perspektivə yönəlib. Pul siyasətimizin əsas məqsədi qiymət sabitliyini təmin etməkdir. Pul siyasətimizin əsas lövbəri isə sabit məzənnə rejimidir. Uçot dərəcəsi bu siyasəti dəstəkləyən alətdir.
Biz hesab edirik ki, sabit məzənnə rejimi vasitəsilə əsas məqsədimizə – qiymət sabitliyinə nail ola bilərik. Buna görə də ilk növbədə valyuta bazarındakı prosesləri izləyirik, eyni zamanda orta müddətdə inflyasiya üzrə gözləntiləri nəzərə alırıq. Ona görə də demək düzgün olmazdı ki, inflyasiya 7 % və ya 6,2 % olsaydı, uçot dərəcəsini məhz buna uyğun dəyişəcəkdik. Bu, yanlış yanaşmadır. Uçot dərəcəsi ilə bağlı qərarlar bir neçə fərqli amil kompleks şəkildə nəzərə alınmaqla qəbul edilir", - deyə o qeyd edib.














