«Dəmirbank»ın bağlanmasından sonra əhali və iş adamları arasında bank sistemi ilə bağlı inamsızlıq yenidən güclənməyə başlayıb. Hazırda mətbuatda daha bir neçə bankın vəziyətinin ağır olduğu, və onların bağlanacağı barədə müzakirələr aparılır. Bəzi açıqlamalarda Bank of Baku, AG Bank, Bank Respublika və Atabankın adları çəkilir. Bəs bu banklarda real vəziyyət necədir? Azərbaycanda yenidən bankların bağlanacağı gözənilirmi? FED.az-ın bununla bağlı suallarını Maliyyə Bazarlarına Nəzarət Palatası cavablandırıb.
- Bu bankların (Bank of Baku, AG Bank, Bank Respublika və Atabank) maliyyə vəziyyəti və durumu necədir?
- Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) fəaliyyətə başladığı dövrə 17 bank məcmu kapital tələbinə cavab vermirdi. Bankların kapitallaşması məqsədi ilə Palata tərəfindən xüsusi kapitallaşma planı tərtib edildi. Kapital artımını təmin edə bilməyən və potensialı olmayan 5 bankın lisenziyası 2016-cı ildə geri çağırıldı və beləliklə lisenziyası ləğv edilən bankların sayı 11 oldu. 2017-ci ilin 23 dekabr tarixində kapital tələblərinə cavab verməyən “DəmirBank” ASC-nin bank lisenziyası ləğv edildi. Eyni zamanda, kapitallaşma proqramında olan banklar tərəfindən 2016-cı ildən bugünədək 1.2 mlrd. manat həcmində kapital investisiyası edilmişdir. Azərbaycan Beynəlxalq Bankı nəzərə alınmadan səhmdarları tərəfindən kapital artımı 0.6 mlrd. manat həcmindədir. Sektorun kapitallaşması yekunlaşma mərhələsindədir və kapitallaşma prosesi plana uyğun gedir. Banklardan tələb olunan kapital isə onların yalnız minimum tələblərinin yerinə yetirilməsi deyil, daha uzunmüddətli dövrdə baş verə biləcək risklərə qarşı da adekvat kapital buferinin təmin edilməsini nəzərdə tutub.
- Onların bağılanıb-bağlanmayacağı ilə bağlı hansı məlumatlar var?
- Qeyd olunduğu kimi hazırda fəaliyyət göstərən bankların kapital mövqeyi sabitdir və kapitallaşma proqramının icrasına ciddi nəzarət olunur. Səhmdarlar tərəfindən bankların uzunmüddətli dövrdə dayanıqlığının təmin edilməsi üçün isə əlavə kapital inyeksiyaları təmin edilir. Təkcə son iki ay ərzində kapital inyeksiyalarının həcmi 68 mln. manat təşkil edib. Bundan əlavə, bankların səhmdarları tərəfindən 384 mln. manat həcmində səhm buraxılışı ilə bağlı Palataya müraciət olunub. Bu istiqamətdə proseslər artıq yekunlaşmaq üzrədir. Beləliklə, mövcud situasiyada sektorda fəaliyyət göstərən bankların defoltu ilə bağlı təhdidlər mövcud deyil.
- Adı çəkilən və ya çəkilməyən bankın maliyyə vəziyyətinin çətin olması ilə bağlı onun məsələsi Palatada müzakirə olunurmu?
- Maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorunması istiqamətində tənzimləmə çərçivəsinin müəyyən edilməsi və daimi nəzarət tədbirlərinin həyata keçirilməsi Palatanın əsas vəzifələrindəndir. Bu çərçivədə, bankların fəaliyyətinə nəzarət rejimi, habelə risklərin qarşısının alınması və preventiv tədbirlərin müəyyən edilməsi Palata daxilində daimi müzakirə mövzularıdır.
- Bununla əlaqədar olaraq Palata hər hansı bankın fəaliyyətinə və ya hansısa əməliyatlarına (məsələn əmanət qəbulu, kredit verilməsi) məhdudiyyət qoyubmu?
- Bankların fəaliyyətinə nəzarət gücləndirilmiş, risklərin qarşısının alınması üçün maliyyə sabitliyinə nəzarət tədbirləri həyata keçirilmişdir. Prudensial tələblərin pozulmasının qarşısının alınması məqsədi ilə banklara qarşı təshih tədbirləri tətbiq edilməsi Palatanın nəzarət alətlərindən biridir.
- Hazırda bank sektorunun sağlamlaşdırılması ilə bağlı hansı işlər aparılır və 2018-ci ildə bu sahədə hansı işlər planlaşdırılır?
- 2017-ci ildə sektorun sağlamlaşması istiqamətində Azərbaycan Beynəlxalq Bankı ilə bağlı işlərin tamamlanması xüsusi qeyd olunmalıdır. Bu istiqamətdə toksik aktivlərin ötürülməsi işləri yekun fazadadır. Bundan əlavə, bankın xarici borc öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı 2017-ci ilin may ayında başlamış proses sentyabr ayında uğurla tamamlanmışdır. Əlavə olaraq banka 0.6 mlrd. manat həcmində kapital inyeksiya edilmişdir. 2018-ci ildə isə bankın özəlləşdirilməsi ilə bağlı proseslərin tamamlanması nəzərdə tutulur.
Digər bankların 2017-ci ildə kapital inyeksiyalarının həcmi isə 280 mln. manat təşkil edib. Bundan əlavə, CDB və AtaBankın konsolidasiyası prosesi tamamlanmışdır. 2017-ci ildə, həmçinin Əmanətlərin Sığortalanması Fondunun 1.3 mlrd. manat həcmində kapitallaşdırılmışdır ki, bu da əhalinin kompensasiya olunmuş öhdəlikləri ilə bağlı ödənişlərinin tam yerinə yetirilməsini təmin edir.
2018-ci ildə bank sektorunun sağlamlaşdırılması proseslərinin tamamlanması, habelə uzunmüddətli dövrdə dayanıqlığının artırılması ilə bağlı tənzimləmə və nəzarət rejiminə müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır. Bu əsnada, Bazel II/III-ə mərhələli şəkildə keçid prosesinin davam etdirilməsi, konsolidasiya edilmiş nəzarətin tətbiqi ilə bağlı işlər aparılacaqdır.
Bütövlükdə, hesab edirik ki, 2017-ci ildə qeyri-neft ÜDM-in artın dinamikası, habelə bu trendin 2018-ci ildə də davam etməsi ilə bağlı Hökümət və beynəlxalq maliyyə qurumlarının artım proqnozları bank sektoruna da müsbət təsir göstərəcəkdir. Eyni zamanda, Strateji Yol Xəritəsinə əsasən 2018-ci ildə bankların maliyyə xidmələrinə çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal bankçılığın və banklararası pul bazarının inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Manatın məzənnəsinin stabiləşməsi fonunda milli valyutaya inamın bərpası və əmanətlərin dedollarlaşması üzrə mövcud meyllərinin 2018-ci ildə də davam edəcəyi gözlənilir.
Azərbaycanda yenə banklar bağlana bilərmi? - PALATADAN RƏSMİ AÇIQLAMA
18:30
27 Dek 2017