Azərbaycanda bank xidmətlərinin əlçatanlığı üzrə daha bir mühüm addım atılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti «Məsafədən hesabların açılması» qaydasını təsdiqləyib. Bu qaydaya əsasən məsafədən təkcə bank deyil, depo və marja hesabı da açmaq mümkün olacaq və bunun üçün istifadəçilərə bir neçə üsul təklif olunacaq. Yeni qaydanın tətbiqi ilə əlaqədar olaraq Mərkəzi Bank özünün bir sıra əlaqəli qərarlarına da dəyişiklik edib.
Beləliklə, Qaydaya əsasən məsafədən hesabların açılması dedikdə qurum əməkdaşının (məsələn, bank əməkdaşının) və müştərinin eyni zamanda birgə fiziki iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə hesabların açılması nəzərdə tutulur. Məsafədən bank və digər ödəniş hesabı, müştəri hesabı (depo hesabı və marja hesabı) açmaq mümkündür. Hesab açılması zamanı şəxsin eyniləşdirilməsi (verifikasiya) şəkil çəkilişi, videoçəkiliş və ya videozəng vasitəsilə baş verəcək. Bu üsullarda fərq ondadır ki, video zəng zamanı müştəri və bank əməkdaşı birbaşa kontaktda olacaqlar. Şəkil və Video çəkiliş üsulunda isə çəkiliş sadəcə banka göndəriləcək.
Məsafədən hesab açmaq üçün gücləndirilmiş elektron imzadan istifadə olunacaq.
Qaydaya görə, bəzi hallarda şəxsin əvəzinə başqası məsafədən hesab aça bilər, bura valideynlər qəyyumlar, eləcə də şirkətin qunani nümaynədəsi aiddir. Amma sahibkarın əvəzinə başqasının hesab açmasına icazə verilmir. Yeri gəlmişkən, qaydaya əsasən, istənilən şəxs yazılı şəkildə müraciət etməklə onun adına məsafədən hesab açmağa qadağa qoya bilər. Bu qadağa yalnız o vaxt aradan qaldırıla bilər ki, şəxs özü yenidən şəxsən gələrək yazılı icazə versin.
FED.az xəbər verir ki, qaydaya görə, məsafədən hesab açmaq üçün tələb olunan məlumatlar verilməlidir, amma şəxsin bu bankda və ya təşkilatda əvvəlcədən hesabı varsa, onda həmin məlumatlara ehtiyac qalmır, mürəciətdən sonra hesab açılır.
Müraciətdən sonra müştəri eyniləşdirilir, bundan əvvəl bank tərəfindən müştəri eyniləşdirilmənin keçirilməsi ilə bağlı qaydalarla və müəyyən edilmiş şərtlərlə tanış edilir, eyni zamanda tələb olunan fərdi məlumatların alınması üçün Qanununa uyğun olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq alınır.
Eyni ləşdirmə prosesin şəkil çəkilişi, videoçəkiliş və videozəng vasitəsilə baş verə bilər.
Bu zaman görüntü rəngli və keyfiyyətli olmalı, şəxsin üz təsviri aydın görünməli, üz təsviri açıq olmalı və üzərinə kölgə düşməməli, üz təsvirini örtən hər hansı əşya, o cümlədən eynək və ya üzüörtən hər hansı bir vasitə olmamalıdır. Videozəng real vaxtda və fasiləsiz olaraq həyata keçirilir.
Şəxsin eyniləşdirilməsi prosesində fiziki şəxsin canlılığını yoxlanması proqram təminatı vasitəsilə həyata keçirilməlidir. Şəxsin canlı insan olduğundan əmin olmaq üçün ondan təsadüfi sıra ilə minimum 3 hərəkətin edilməsi tələb olunur. Proqram təminatı vasitəsilə şəxsin reaksiyalarının verilmiş tapşırıqlara uyğunluğu, şəxsin üz təsvirinin canlı dinamikası, o cümlədən onun şüurlu idarə edə bilmədiyi təbii fizioloji reaksiyaları təhlil edilir. Eyniləşdirilmə zamanı şəxsin üz təsviri onun dövlət informasiya sistemindəki fotoşəkili ilə proqram təminatı vasitəsilə üzləşdirilir.
Bu Qaydanın tələblərinə riayət olunduqda və məsafədən hesab açılmasından imtina edilmədikdə müştəri ilə bank arasında hesabın açılmasına dair müvafiq müqavilə bağlanılır. Müqavilə layihəsi müştəriyə aydın və oxunaqlı formada davamlı daşıyıcıda müştəriyə təqdim edilir.
Müştəri ona təqdim olunmuş müqavilə layihəsi ilə tanış olur və şərtləri ilə razı olduqda müqaviləni və digər əlaqəli sənədləri gücləndirilmiş elektron imza ilə təsdiq edir. Daha sonra müqaviləni bank da təsdiq edir.
Məsafədən hesab açılması zamanı əldə olunmuş bütün məlumat və sənədlər, o cümlədən şəxsin eyniləşdirilməsi zamanı yaradılmış video və audio fayllar, şəkillər, loqlar qanunvericiliyə uyğun qaydada və müddətlərdə saxlanılır.












