Ölkədə fəaliyyət göstərən bankların Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri açıqlanıb.
FED.az RENKİNQ xəbər verir ki, araşdırma aparılan 24 bankdan (fəaliyyətini dayandırmış «Muğan bank» da daxil olmaqla) 7 bankın AMB qarşısında öhdəliyi yoxdur.
Bunlar Azərbaycan Beynəlxalq Bankı (ABB), “Ziraat Bank Azərbaycan”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Avrasiya”, “Paşa Bank”, “Naxçıvanbank” və “Bank Melli İran”dır.
Qeyd edək ki, bu ilin əvvəlində ABB-nin Mərkəzi Bank qarşısında öhdəliyi var idi – 78 milyon manat, amma bank bu öhdəliyi elə ilin əvvəlində bağlayıb.
Siyahıda adı olan “Paşa Bank”ın AMB-nin vəsaitlərinə tələbatı yoxdur, bankın öz vəsaitləri və maliyyə imkanları kifayət qədərdir. «Bank Avrasiya»nın isə əməliyyatları o qədər aktiv olmadığından AMB-nin vəsaitlərinə ehtiyac qalmayıb.
Son vaxtlara qədər Vasif Talıbovun ailəsinə məxsus olan və bir qədər əvvəl sahiblərini dəyişmiş «Naxçıvan bank» isə görünür, Azərbaycan Mərkəzi Bankı ilə hələ yenicə «tanış olub» və belə vəsaitlərə tələbatı olmayıb.
Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan”, “Yapı Kredi Bank Azərbaycan” və İran kapitallı “Bank Melli İran”ın da böyk ehtimalla AMB-nin vəsaitlərinə ehtiyacı yoxdur.