Son il yarım ərzində “AFB Bank”ın əsas maliyyə göstəricilərində ciddi artım müşahidə olunub.
Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə Bankın Korporativ Biznes Mərkəzinin İcraçı Direktoru Hüseyn Bağırlı müsahibəsində bildirib. Onun sözlərinə görə, 2024-cü ilin sonundan 2026-cı ilin iyununadək bankın aktivləri təxminən 82%, kredit portfeli 115%, müştəri hesablarının qalıqları isə 159% artıb.
Belə ki, 2024-cü ilin sonunda AFB Bankın aktivləri 295 milyon manat, kredit portfeli 183 milyon manat, müştəri hesablarının qalıqları isə 132 milyon manat təşkil etmişdi.
2025-ci ilin sonunda bankın aktivləri artıq 423 milyon manata, kredit portfeli 300 milyon manata, müştəri hesabları isə 226 milyon manata yüksəlib.
Artım 2026-cı ildə də davam edib. İlin ilk yarısının sonunda AFB Bankın aktivləri 536 milyon manata, kredit portfeli 394 milyon manata, müştəri hesablarının qalıqları isə 342,3 milyon manata çatıb.
Beləliklə, cəmi ilyarım ərzində bankın kredit portfelinə 211 milyon manat, müştəri hesablarına 210,3 milyon manat, aktivlərinə isə 241 milyon manat əlavə olunub.
H.Bağırlı bildirib ki, xüsusilə müştəri hesablarının 132 milyon manatdan 342,3 milyon manata yüksəlməsi bank üçün mühüm göstəricidir.
Onun sözlərinə görə, müştərinin bankdan kredit götürməsi əməkdaşlığın yalnız bir tərəfidir, gündəlik pul axınlarını və hesablaşmalarını həmin banka etibar etməsi isə münasibətlərin daha dərin mərhələyə keçdiyini göstərir.
AFB Bankın 2026-cı ilin iyununda 394 milyon manatlıq ümumi kredit portfelinin 236 milyon manatı biznes kreditlərinin payına düşüb. Bu, ümumi portfelin təxminən 60%-i deməkdir.
Bank 2029-cu ildə də kredit portfelində 60% biznes / 40% pərakəndə kredit nisbətini qorumağı hədəfləyir.















