Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində ilk sığorta ödənişi həyata keçirilib.
FAO Azərbaycanın ət və süd məhsulları bazarlarına - Dəstək Göstərəcək
FED.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Sığorta ödənişi Göygöl rayonunun Üçtəpə kəndində fəaliyyət göstərən fermer Bəhruz Mustafaya məxsus olan heyvandarlıq təsərrüfatına edilib. Burada sığortalanmış “Simmental” cinsli inək qanqrenozlu mastit səbəbindən məcburi kəsimə sövq edilib. Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığota ekspertləri hadisəni araşdırıb və Fondun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3 019 manat məbləğində sığorta ödənişi fermer Bəhruz Mustafanın bank hesabına köçürülüb. Bundan başqa, təsərrüfatın sahibi məcburi kəsimə verilən inəyin istifadəyə yararlı ətinin satışından da gəlir əldə edib. Qeyd edək ki, fermer Bəhruz Mustafaya məxsus təsərrüfatda 70 baş mal-qara dövlət dəstəyi ilə güzəştli aqrar sığorta çərivəsində sığortalanıb.
Bu gün Göygöl rayonunun Üçtəpə kəndində yerləşən heyvandarlıq təsərrüfatında ilk aqrar sığorta ödənişinə həsr olunmuş tədbir və fermerlərlə görüş keçirilib. Tədbirdə, Aqrar Sığorta Fondunun rəhbərliyi, yerli icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Göygöl və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak edib.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Onun sözlərinə görə, indiyədək aqrar sığorta çərçivəsində ümumilikdə 1,7 milyon manatdan artıq sığorta haqqı toplanılıb. Bu məbləğdən 1,2 milyon manat heyvandarlıq, 500 min manatı isə bitkiçilik sektorundan toplanıb. İyun ayına olan məlumata görə, indiyədək 2100-ə yaxın mal-qara və 11,2 min hektar əkin sahəsi sığortalanıb. Ən çox sığortalanan əkinlər – buğda, pambıq, apra və üzüm sahələridir. Sığorta ödənişinə başlanması isə aqrar sığorta sisteminin etibarlı çalışdığını, öz vəzifələrini yerinə yetirməyə başladığını göstərir. Fuad Sadıqov bildirib ki, heyvandarlıq və əkin sahələri ilə bağlı bir neçə yeni sığorta hadisələri də qeydə alınıb və yaxın günlərdə onlar üzrə ödənişlər həyata keçiriləcək.
Tədbirdə çıxış edən fermer Bəhruz Mustafa təsərrüfatında baş verən sığorta hadisəsindən sonra aqrar sığorta ödənişi aldığından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, sığorta sisteminin fəaliyyətə başlaması aqrar sahədə çalışan iş adamlarını daha daha həvəsləndirəcək. Fermer yaxın vaxtlarda təsərrüfatı genişləndirəcəyini, o cümlədən yeni inəklər alacağını bildirib. Tədbirdə Aqrar Sığorta Fondu tərəfindən fermerə simvolik ödəniş çeki də təqdim edilib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır.
Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq. Hazırda fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna və aqrar sığorta sisteminə daxil olan şirkətlərə müraciət etməklə təsərrüfatlarını sığortalaya bilərlər.