Azərbaycanda qoyunçuluq bir sahə kimi kənd yerlərində qidalanma (ət və pendir) və dolanışıq üçün əsas gəlir mənbəyidir. Əlavə olaraq yerli istehlakdan və ixrac bazarından artan tələb bu fəaliyyət sahəsi üçün yeni imkanlar yaradır.
Eləcə də bax: FAO Azərbaycanda fındıqçılığın inkişafına - Dəstək Verir
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərüffatı Nazirliyi məlumat yayıb.
Bildirilir ki, xırdabuynuzlu damazlıq heyvan yetişdiricilərinin qarşılaşdıqları bir çox problemi nəzərə alaraq, qoyun yetişdirilməsində strateji baxış və istiqamətin müəyyən olunması üçün “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” Layihəsi çərçivəsində ölkədəki mövcud qoyunçuluq sisteminin qiymətləndirilməsi prosesi həyata keçirili.
25 iyun tarixində FAO-nun Azərbaycandakı Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli mütəxəssislər və fermerlər qrupunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanda Qoyunçuluq Strategiyasına dair Qiymətləndirmə Hesabatı damazlıq işi üzrə beynəlxalq mütəxəssis Maite Lasarte tərəfindən təqdim edildi.
Tədbir zamanı iştirakçılar Azərbaycanda qoyunçuluqda mövcud vəziyyəti və inkişaf perspektivlərini, habelə beynəlxalq mütəxəssis Maite Lasarte 2020-ci ildə ölkəyə səfəri zamanı aparılan qiymətləndirmənin nəticələrini müzakirə etdilər.
Hesabat qoyun cinslərinin qiymətləndirilməsini (siyahıya alma, fenotipik xüsusiyyətlərin müəyyən olunması), əsas maraqlı tərəflərin müəyyən olunmasını və ölkədə dayanıqlı damazlıq strategiyasını təyin etmək üçün fəaliyyət planını əhatə edir. Hesabatda həmçinin Damazlıq Strategiyası İşçi Qrupun yaradılması, pilot bölgələrdə seminarın təşkili və fermerlərin damazlıq strategiyası proseslərinə cəlb edilməsi, ilkin fenotipik xüsusiyyətlərin müəyyən edilməsi və damazlıq proqramlarının hazırlanması kimi qısa, orta və uzun müddətli tövsiyələr də yer alıb.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi sədrinin müavini Leyla Məmmədova kənd təsərrüfatının, o cümlədən xırdabuynuzlu heyvan yetişdirilməsinin ikinci böyük məşğulluq mənbəyi kimi milli iqtisadiyyatda mühüm rol oynadığını qeyd edib: "FAO - Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığımız çox səmərəlidir və xüsusilə bu layihə çərçivəsində təklif olunan tövsiyələrin qoyun yetişdirilməsində effektiv və dayanıqlı inkişafına kömək edəcəyinə əminik".
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Birləşmiş Millətlər Təşkilatının heyvan sağlamlığı və yetişdirilməsi sahəsində aparıcı qurumudur və heyvandarlıq sektorunun yaxşılaşdırılmasında texniki yardım göstərməkdə uzunmüddətli təcrübəyə malikdir. Heyvanların sağlamlığı və yetişdirilməsi sahəsində mövcud təcrübəsi ilə FAO heyvandarlıq sektorunun dayanıqlı inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi ilə birgə çalışır.
“Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində həyata keçirilir. Layihə heyvandarlıq sektorunun dayanıqlı inkişafını və ət və süd məhsulları bazarlarını yaxşılaşdırmağı hədəfləyir.