Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.
AQTA-dan FED.az-a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb. Bunun nəticəsi olaraq, 16 dekabr 2020-ci il tarixindən etibarən bir sıra müəssisələrə məhsullarının Rusiya Federasiyasına idxalına icazə verilib.
Qeyd edək ki, bugünədək Agentlik tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub. Eyni zamanda Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssisləri ilə birgə respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.
Belə ki, Agentliyin apardığı monitorinqlərə əsasən bitki sağlamlığı vəziyyəti qənaətbəxş olan və beynəlxalq standartlara uyğun olan 53 təsərrüfatla bağlı məlumatlar Rusiya Federasiyasının müvafiq qurumuna göndərilmiş və bugünədək 16 təsərrüfatda birgə videomonitorinqlər həyata keçirilib. Aparılan uğurlu danışıqlar və videomonitorinqlər nəticəsində bu günədək 39 pomidor təsərrüfatının məhsullarının ixracına icazə verilib ki, bu müəssisələrin 2021-ci il üzrə ixrac proqnozu 116393 ton təşkil edir. Müqayisə üçün qeyd edək ki, ixracına icazə verilən təsərrüfatların 2021-ci il üzrə ixrac proqnozu 2020-ci ildə Rusiya Federasiyasına ixrac olunmuş pomidorun 64.6 %-ni təşkil edir. Ancaq qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəsmi məlumatına əsasən 5 pomidor istehsalı ixrac olunan məhsul partiyalarının nəqliyyat vasitələrində, taralarında karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması səbəbindən həmin təsərrüfatlara ixrac sertifikatlarının verilməsi müvəqqəti dayandırılmışdır. Həmin təsərrüfatlarda müvafiq monitorinqlər və bitki mühafizə tədbirləri həyata keçirilir ki, həmin tədbirlərin nəticələri haqqında Rusiya Federasiyasının müvafiq qurumuna məlumat veriləcəkdir.
Eyni zamanda ölkə ərazisi üzrə fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 24 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub və aparılan danışıqlar nəticəsində 10 alma istehsal müəssisəsinə Rusiya Federasiyasına ixrac üçün icazə verilib. İxracına icazə verilmiş 10 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 45600 ton təşkil edir ki, bu da 2020-ci ildə Rusiya Federasiyasına ixrac olunan almanın 67.9 %-ni təşkil edir.
Qeyd edək ki, hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.