Müəllif: Ağa Məhəmməd Alosmanov, bitkiçilk üzrə ekspert, kənd təsərrüfatı üzrə araşdırmaçı
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün artıq bir neçə ildir ki, çoxsaylı mexanizmlər fəaliyyətə başlayıb.
Qeyri-neft sektorunda reallaşan layihələr üçün sahibkarlara güzəştli kreditlər, maşın və avadanlıqların güzəştli satışı, ixrac təşviqi və sair alətlər tətbiq edilib.
FED.az xəbər verir ki, bu tədbirlər nəticəsində qeyri-neft ixracı sürətli artsa da, hələ də neft-qaz sektoru ilə müqayisəyə gəlməyəcək dərəcədə aşağı həddədir.
Rəqəmlər nə deyir:
Dövlət Gömrük Komitəsinin bir qədər əvvəl açıqladığı məlumatlara əsasən 2022-ci ilin ilk yarısında - yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 457 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, ilk yarım ilin yekunlarına görə, ölkədən ümumi ixracda qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 7,9% ətrafındadır.
Ümumiyyətlə, son illər qeyri-neft sektorunun ümumi ixracda payı ən yüksək 2020-ci ildə olub.
Belə ki, qeyri-neft ixracı 2019-cu ildə təqribən 1,91 milyard dollar olaraq ümumi ixracın 9,7%-ni, 2020-ci ildə 1,85 milyard dollar olaraq ümumi ixracın 13,5%-ni təşkil edib. 2021-ci ildə isə qeyri-neft sektorundan ixrac 2,71 milyard dollara yüksəlsə də, ümumi ixracda payı 12,2%-ə çatıb.
Meyvə tərəvəzdən nə qədər qazanırıq?
Azərbaycandan xaricə qeyri-neft sektoru üzrə ixracda meyvə-tərəvəz məhsulları xüsusi yer tutur. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı 328 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, 2022-ci ilin ilk 6 ayında meyvə-tərəvəz ixracı qeyri-neft ixracının təqribən 22%-ni təşkil edib.
Son 4 ililin statistikası göstərir ki, ölkəyə ən çox gəlir gətirən meyvə tərəvəz növləri – tomat (pomidor), xurma, fındıq, kartof, alma və son illər nardır.
Azərbaycanın xaricə ixrac etdiyi meyvə tərəvəz məhsullarının miqdarı və ixrac dəyəri |
||||||||
|
2019 |
2020 |
2021 |
2022/6 ay |
||||
Meyvə-tərəvəz, |
628,5 min ton |
605,8 milyon dollar |
606,5 min ton |
607,5 milyon dollar |
641,6 min ton |
630,4 milyon dollar |
306,4 min ton |
328,1 milyon dollar |
O cümlədən, |
||||||||
Tomat |
174,5 min ton |
189,3 milyon dollar |
187,5 min ton |
201,4 milyon Dollar |
145,2 min ton |
160,2 milyon dollar |
105,8 min ton |
126,9 milyon dollar |
Xurma |
146,1 min ton |
104,7 milyon Dollar |
125,8 min ton |
91,6 milyon dollar |
174,1 min ton |
125,9 milyon dollar |
39,1 min ton |
29,7 milyon dollar |
Fındıq |
22,6 min ton |
125,6 milyon Dollar |
18,9 min ton |
116,3 milyon dollar |
19,5 min ton |
111,8 milyon dollar |
10,3 min ton |
57,3 milyon dollar |
Kartof |
61,7 min ton |
26,8 milyon dollar |
81,4 min ton |
33,8 milyon dollar |
92,3 min ton |
40,1 milyon dollar |
78,1 min ton |
35,0 milyon dollar |
Alma |
96,9 min ton |
40,1 milyon dollar |
72,1 min ton |
29,5 milyon dollar |
66,8 min ton |
37,4 milyon dollar |
18,7 min ton |
12,5 milyon dollar |
Nar |
- |
- |
- |
- |
21,7 min ton |
29,2 milyon dollar |
1,5 min ton |
2,4 milyon dollar |
1 ton meyvə-tərəvəz nə qədər gəlir gətirir?
Rəqəmləri ümumiləşdirəndə, 1 ton meyvə-tərəvəzin ixracı ölkəyə orta hesabla 960-1070 dollar arasında gətir gətirib. 2019-cu ildə bu rəqəm 964 dollar, 2020-də 1001 dollar, 2021-ci ildə isə 982 dollar təşkil edib. 2022-ci ilin ilk yarısında isə ölkədən ixrac olunan hər 1 ton meyvə-tərəvəz məhsulu ölkəyə 1071 dollar gəlir gətirib.
Tomat-pomidorda 1 tonun ixracından gələn gəlir 1070-1200 dollar, xurmada 720-760 dollar, fındıqda 5500-6100 dollar təşkli edir. 1 ton kartofun ixracı ölkəyə 415-450 dollar, 1 ton almanın ixracı isə 400-700 dollar arasında gəlir gətirir. Narın ciddi ixracı yeni başlayıb və hər ton narın ixracından ölkəyə 1350-1600 dollar valyuta daxil olur.
|
1 ton məhsulun ixrac qiyməti |
|||
|
2019 |
2020 |
2021 |
2022/6ay |
Meyvə-tərəvəz, |
964 dollar |
1001 dollar |
982 dollar |
1071 dollar |
O cümlədən |
||||
Tomat |
1085 dollar |
1074 dollar |
1103 dollar |
1 199 dollar |
Xurma |
717 dollar |
728 dollar |
723 dollar |
760 dollar |
Fındıq |
5 557 dollar |
6 153 dollar |
5 733 dollar |
5 563 dollar |
Kartof |
434 dollar |
415 dollar |
434 dollar |
448 dollar |
Alma |
414 dollar |
409 dollar |
560 dollar |
668 dollar |
Nar |
- |
- |
1 345 dollar |
1 600 dollar |
Amma araşdırmalar və hesablamalar göstərir ki, Azərbaycan, meyvə tərəvəzin ixracından indikindən qat-qat daha çox gəlir əldə edə bilər. Bunun üçün iş adamları və fermerlər ixrac bazarlarına yenidən baxmalı və məhsulun ixrac formasına dəyişiklik etməlidirlər.
Ölkədə meyvə istehsalının kəskin artacağı gözlənilir
2020-ci ildə Azərbaycanda cəmi 3 milyon 320 min ton meyvə-tərəvəz istehsal olunub, bunun 641,6 min tonu, pul ifadəsi ilə 630,4 milyon dollar məbləğində meyvə-tərəvəz ixrac edilib. Ölkədə meyvələrin istehsal dinamikasına baxdıqda ciddi artım müşahidə etmək olar. Bu - əsas etibarı ilə 2000-ci illərin əvvəlindən başlayaraq ənənəvi bağçılığın intensiv bağçılıqla əvəz olunması və bunun nəticəsi olaraq məhsuldarlığın artması ilə əlaqədardır. Eyni zamanda yeni salınan bağların sahəsi də artmaqdadır. Hal-hazırda bu tendensiya davam etməkdədir və bu, bizə ölkədaxili istehsalın daha da artmasını proqnozlaşdırmağa əsas verir.
|
2000 |
2005 |
2010 |
2015 |
2020 |
Çoxillik əkmələrin sahəsi, ha |
83 166 |
92 957 |
127 685 |
144 126 |
213 798 |
O cümlədən, bar verən, ha |
76 759 |
84 263 |
102 468 |
123 449 |
159 903 |
istehsal, ton |
476 955 |
625 738 |
729 502 |
888 416 |
1 133 132 |
Nəzərə alsaq ki, qarşıdan gələn 2-3 ildə yeni salınmış 53 000 hektar bağ da bar verməyə başlayacaq, bu ümumi istehsalın ildə minimum 365-390 min ton artması deməkdir. Beləliklə, təxmini hesablamalara görə 2023-2025–ici illərdən sonra Azərbaycanda təkcə meyvə istehsalı ildə 4,5 milyon ton həcmində olacaq.
Meyvəçiliklə yanaşı, tərəvəzçilik də inkişaf etməkdədir və bu sahədə də fermerlərimiz artıq intensiv texnologiyalardan (istixanalar, müasir suvarma sistemləri, xüsusi məhsuldarlığı ilə seçilən tərəvəz növlərindən istifadə) daha çox istifadə edirlər. Yəni qarşıdan gələn 2-3 ildə tərəvəzçilik məhsullarının da istehsalının ən azı 35-40% artacağı gözlənilir.
Meyvə-tərəvəzin satış bazarı dəyişməlidir
Gördüyümüz kimi, meyvə və tərəvəzlərin istehsal həcmi artmaqdadır və bu məhsullar üçün əlverişli bazarlar tapmaq lazımdır.
Araşdırmalarımız göstərir ki, bu gün Azərbaycan məhsullarının əsas ixrac ünvanı olan Rusiya bazarı bizim üçün ənənəvi bazar olaraq məhsullarımızın satışına imkan versə də, bu bazar - bizim məhsullar üçün ən aşağı qiymətləri təklif edir. Belə ki, meyvə və giləmeyvələrin Avropa, Körfəz ölkələri və Sakit okean hövzəsi ölkələrində topdan və pərakəndə satış qiymətləri Rusiya bazarı ilə müqayisədə 3,5-5 dəfə yüksəkdir. Başqa sözlə, Rusiyada 1 kiloqramı 1-2 dollara satdığımız istənilən meyvə və ya tərəvəzi yuxarıda qeyd olunan ölkələrdə 3-7 dollara satmaq mümkündür.
Bu – Azərbaycanda fermerlərin və iri kənd təsərrüfatı şirkətlərinin istehsalı etdiyi məhsulun satışında olan problemlərdən yalnız biridir.
Başqa, daha da ciddi olan digər problem isə istehsal olunan məhsulun heç də hamısının satılmaması və tullantıya çevrilməsidir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da istehsal olunan məhsulun azı 20-30%-I əmtəə görünüşü səbəbindən ya aşağı qiymətə satılır və ya tullantı kimi atılır. Başqa sözlə, satış problemi səbəbindən ölkəyə valyuta gətirə biləcək meyvə-tərəvəz məhsulları zibilliyə atılır.
Vəziyyətdən çıxış yolu – meyvə-tərəvəzi qurudub satmaq
Bu vəziyyətdən çıxış yolu varmı? Əminliklə deyə bilərik ki, var. Özü də bu elə bir həll yoludur ki, nəinki satış problemini həll edər, eyni zamanda təzə meyvə-tərəvəzdən daha çox gəlir verə bilər, yəni məhsulun dəyərinə əlavə dəyər qata bilər.
Bu - son illər inkişaf etməkdə olan ölkələrin belə istifadə etdiyi emal sahəsidir. Özü də bu məhsullara inkişaf etmiş ölkələrdə daha çox üstünlük verilir. Məsələn, Misir kimi inkişafda olan bir ölkə, yalnız qurudulmuş soğanın Avropa ölkələrinə ixracından ildə 30 milyon dollar gəlir əldə edir. Bu məhsulun əsas ixrac ölkələri isə Yaponiya və Avropa İttifaqı ölkələridir.
Sağlam həyat tərzinin biznesi
Ümumiyyətlə, BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, inkişaf etmiş ölkələrin əhalisinin təxminən 85-90%-i, inkişaf etməkdə olan ölkələrdə isə sosial təminatı yüksək olan təbəqəsi getdikcə öz sağlamlıqlarının qayğısına qalır, sağlam həyat tərzi və qidalanmaya üstünlük verirlər. Bunun nəticəsi olaraq dietik reseptlər və qidalar daha da populyarlaşır ki, bu qidaların da əsas hissəsini qurudulmuş meyvə və tərəvəzlər təşkil edir.
Bütün dünyada ümumi sağlamlıq məlumatlılığı səbəbindən quru meyvələrə tələbat artır. Quru meyvələrin faydaları böyükdür və bu səbəbdən onlar - hər bir evdə olması lazım olan qida maddələrinə çevrilirlər. Bu kimi bir təkliflə və bazara çıxarmaq üçün düzgün alətlərdən istifadə etməklə, quru meyvə biznesi gəlirli bir iş ola bilər.
Quru meyvə xam meyvədən 10 qat bahalıdır
Təzə meyvələr çox vaxt, xüsusilə məhsul yığımı zamanı az iqtisadi dəyərə malikdir. Bir kiloqram quru meyvə bir kiloqram xam meyvədən 10 dəfə baha ola bilər! Meyvələri qurudub emal etmək məhsulun dəyərini artırır, onu baha qiymətə satmağa və daha çox qazanc əldə etməyə imkan verir.
Bir çox meyvələrin, xüsusuilə də tez xarab olanların, mövsümü zamanı bazarda təklif tələbdən yüksək olur, sonra isə bu meyvələri tapmaq olmur. Qurudulmuş meyvələr bu baxımdan da həm satıcı, həm də istehlakçılar üçün sərfəlidir.
İnsanlar qurudulmuş meyvələrdən ləzzət alaraq günlərinə daha çox «şirinlik» qatır və sağlamlıqlarını qoruyurlar. Məşhur quru meyvələrə kişmiş, xurma, gavalı (quru gavalı), əncir, ərik, şaftalı və giləmeyvələr daxildir. Bu meyvələrin hamısı Allahın bizə bəxş etdiyi gözəl Vətənimizin bütün bölgələrində yetişirlər. Sahibkarların öhdəsinə düşən yeganə iş - bu cür böyük imkanlar və potesialdan bacarıqla istifadə etməkdir.
Rahat saxlanılır, daşınır və bütün il boyu yeyilir
Qurudulmuş meyvələr sağlamlıq faydalarına görə dünyada məşhur qəlyanaltı qidalarıdır, çünki onlar vitaminlər, minerallar və lif də daxil olmaqla meyvələrin qida dəyərinin çoxunu ehtiva edir. Onlar həm də il boyu mövsümi məhsullardan həzz almaq üçün əla bir yoldur.
Dondurulmuş, qurudulmuş meyvə və tərəvəzlər məhsulla bağlı saxlama müddətinin artırılmasının əsas üstünlüyü səbəbindən istehsalçılar, eləcə də istehlakçılar arasında populyarlıq qazanır. Dondurulmuş qurutma, həmçinin liofilizasiya adlanır, vakuum sistemi vasitəsilə xam və dondurulmuş qida məhsullarından bütün nəmliyi aradan qaldırır. Bu, təkcə bu məhsulların rəf ömrünü əhəmiyyətli dərəcədə uzatmağa kömək etmir, həm də məhsulun bütün qida dəyərini qoruyur.
Meyvələrin qurudulması ucuz, sadə və çox effektivdir. “Qurudulmuş meyvə” termini adətən günəşdə qurudulmaqla və ya qurutma maşını ilə orijinal suyu çıxarılan meyvələrə aiddir. Günəşin enerjisindən istifadə edərək istənilən meyvə və bir çox tərəvəzi qurutmaq mümkündür.
Meyvələrin qurudulması yığılmış meyvəyə “dəyər əlavə etməyə” imkan verən sadə bir prosesdir, belə meyvəni mövsüm olmayan vaxtlarda da həm yemək, həm satmaq olar. Qurutma və ya digər emal həm də imkan verir ki, məhsul yığımı zamanı satılmayan məhsuldan maksimum gəlir əldə edilsin. Kiçik fermerlərin bu işi qurması üçün günəş enerjisi kifayət edir, qurudulduqdan sonra meyvə qablaşdırılır və artıq satışa hazır olur.
Qurudulmuş meyvələrin tərkibində antioksidanlar və lif var ki, bunlar da sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır. Bununla birlikdə, qurutma prosesində quru meyvələr daha az vitamin itirir.
Quruduqda meyvələrin çəkisi müvafiq olaraq 4-5 dəfə azalır, əvəzində vahid çəkiyə düşən faydalı maddələrin konsentrasiyası eyni miqdarda artır. Onların tərkibi vitamin və digər elementlərlə qurutmadan əvvəlkinə nisbətən 4-5 dəfə zənginləşir.
Qurutma prosesinin qurulması bahalı deyil
Meyvə və tərəvəzin qurudulması üçün tələb olunan istehsal prosesi yaratmaq çətin və bahalı deyil.
Hətta böyük istehsalçılar üçün də emal prosesi üçün tələb olunan avadanlıqlar o qədər də böyük investisiya qoyuluşu tələb etmir.
Meyvələrin qurudulması üçün istifadə olunan avadanlıqlara konveyer, blanşer, toxum təmizləyicisi və quruducu aiddir.
Blanşer dad, rəng və tekstura itkisinə səbəb olan fermentin təsirini azaldır. O, həmçinin göyərtiləri soldurur və bəzi tərəvəzləri (brokkoli, qulançar) yumşaldır və onların qablaşdırılmasının asanlaşdırır.
Müxtəlif internet mənbələrini nəzərdən keçirdikdə aydın olur ki, meyvə və tərəvəzlərin müxtəlif çeşidli emal məhsullarını istehsal etmək üçün lazım olan tam istehsal xəttinin xərcləri bütün avadanlıqlar daxil olmaqla istehsal gücündən asılı olaraq 150-1300 min ABŞ dolları arasında təşkil edir. Bu nəinki iri, hətta orta və kiçik istehsalçılar üçün də ciddi maliyyə yükü deyil. Üstəlik nəzərə alanda ki, yatırılan investisiyasının geri qayıtma müddəti 1,0-1,5 ildən artıq deyil, perspektivlər tam olaraq özünü büruzə verir. Bu sektor aşağı risk və yüksək gəlirliliyə görə yaxşı investisiya potensialına malikdir.
Qurudulmuş meyvə-tərəvəz biznesinin üstünlükləri
Beləliklə, qurudulmuş və ya digər formada emal olunmuş meyvə və tərəvəzlərin biznes baxımından üstünlükləri aşağıdakılardır:
- Xammal çox ucuzdur – adətən təzə halda satıla bilməyən və ya ucuz qiymətə satılan məhsullardan istifadə olunur;
- Satış qiyməti təzə meyvələrə nisbətən 6-10 dəfə yüksəkdir;
- Saxlama müddəti bir neçə ildir;
- Təzə məhsuldan fərqli olaraq xarab olma ehtimalı yoxdur;
- Saxlama üçün 4-5 dəfə az yer tələb olunur;
- Daşınma xərcləri 4-5 dəfə aşağıdır;
- Emala qədər tullantı olduğu halda, emaldan sonra rentabelliyi 1000%-ədək olan bir gəlir gətirir.
Müəllif: Ağa Məhəmməd Alosmanov, bitkiçilk üzrə ekspert, kənd təsərrüfatı üzrə araşdırmaçı