Moskvada 2018-ci il fevralın 5-9-da keçiriləcək "PRODEXPO 2018" Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçılardan müraciətlərin qəbulu dekabrın 8-dək uzadılıb.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən xəbərə görə, vahid ölkə stendində maksimum 35 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 19-da AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarı göstərilməklə) – 5 bal. Meyarların cəmi üzrə minimum keçid balı 20 baldır.
Vahid ölkə stendində iştirak etmək istəyən sahibkarlar nümayiş olunacaq məhsulların siyahısını, istehsal-ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədləri və ya məlumatları ərizə ilə birlikdə dekabrın 8-dək AZPROMO-ya təqdim etməlidirlər.