2020-ci ildəki nisi durğunluqdan sonra 2021-ci ildə Azərbaycana xaricdən avtomobil axını sürətlə artmağa başlayıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-aprel aylarında Azərbaycana xaricdən 23 854 avtomobil gətirilib. Bu əvvəlki ilin eyni dövrünə nisbəən 7min avtombil və ya 39% artıqdır. Avtomobillərin idxalı üçün ölkədən çıxarılan vəsait isə ötənilki 201 milyon dollardan bu il 245 milyon dollara yüksəlib.
Bu il xaricdən 22 minə yaxın minik avtomobili gətirilib, bu ötən ilkindən 6 min ədəd artıqdır (16 min ədəd olmuşdu).
Minik avtomobillərinin idxalı hər ay artıb. Belə ki, yanvarda 4238 ədəd, fevralda isə 4381 avtomobil gətirildiyi halda, martda bu rəqəm 5600, apreldə isə 7700-ə çatıb.
Bu il xaricdən gətirilən minik maşınları daha ucuzdur - onların orta qiyməti 9,5 min dollardır. Ötən il isə bu məbləğ 10,4 min dollar idi.
Hər 100 avtomobildən 13-ü habriddir
Diqqəti çəkən digər məqam ölkəyə gətirilən şibrid və elektrik avtomobillərinin sayının artmasıdır. Ötən il 1673 belə avtomobil gətirilmişdisə, bu il həmin rəqəm 70% artaraq 2830-a çatıb.
Ötən il ölkəyə gətirilən hər 100 avtomobildən 10-u hibrid və ya elektrik maşını idisə, bu il həmin rəqəm 13-ə yüksəlib.
Ötən il hibridlərin orta qiyməti 5530 dollar idisə, bu il orta qiymət 5880 dollara yüksəlib.
Yük avtomobillərinin idxalı 74% artıb
Avtomobil idxalında daha bir maraqlı yenilik - yük avtomobillərinin idxalının kəkin artmasıdır. Bu il ölkəyə 1820 yük avtomobili gətirilib. Ötən il isə bu rəqəm 1048 ədəd idi. Başqa sözlə yük avtomobillərinin idxalı 74% artıb.