Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7,962 mlrd. manat vergi daxil olub, proqnoza 121% əməl edilib.
Eləcə də bax: Regionlarda torpaq və ev satışından daha az vergi alınacaq - QANUN DƏYİŞİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,7% və ya təqribən 1,1 mlrd. manat artıb.
Cari ilin 11 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5,870 mlrd. manat olub, proqnoza 114,8% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 756,1 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,5% və ya 697,3 mln. manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 4,440 mlrd. manat təşkil edib. Regionlar üzrə daxilolmalar 866,6 mln. manat olmaqla, proqnoz 114,3% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 9,3% artıb.
Ödənilən vergilərin 73,7%-i qeyri-neft-qaz sektorunun, 26,3%-i neft-qaz sektorunun payına düşüb.