Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Eləcə də bax: Əmlak və torpaq vergisindən dövlət büdcəsinə daxilolmalar - ARTDI
FED.az xəbər verir ki, qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklərdən biri də fiziki şəxslər tərəfindən regionlarda yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin satışı üzrə vergi yükünün azaldılmasıdır. Məlum olduğu kimi, fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələri, habelə torpaq sahəsi satılarkən həmin daşınmaz əmlakın sahəsinin hər kvadratmetrinə verginin baza məbləği binalar üzrə 15 manat, torpaq sahələri üzrə (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) isə 0,5 manat olmaqla daşınmaz əmlakın yerləşdiyi zonadan asılı olaraq müvafiq əmsallar tətbiq edilməklə vergi öhdəliyi hesablanır. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsinə əsasən, ucqar yerlərdə yaşayan vətəndaşların bu əməliyyatları üzrə vergi öhdəliyini azaltmaq məqsədilə həmin zonalar üzrə verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilməsi nəzərdə tutulur ki, bununla da regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə (satılması üzrə) ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin məbləği azalacaq.