Ədalətli, şəffaf və dayanıqlı vergi sisteminin bərqərar olması ölkəmizdə vergi inzibatçılığının yeni inkişaf magistralının əsas istiqamətlərini təşkil edir.
Azərbaycanda ötən il 88 sahibkar Vergi ombudsmanına müraciət edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şəffaflıq və etimad vergi ödəyiciləri ilə münasibətlərin təməlidir və bu etimad olmadan dayanıqlı vergi sistemi qurmaq mümkün deyil. Bu prinsiplərin vergi sistemində daha geniş tətbiqi üçün müxtəlif addımlar atılır.
Bu istiqamətdə vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti daim təkmilləşdirilir, vergi inzibatçılığında müasir texnologiyaların tətbiqi genişləndirilir və elektron xidmətlərin sayı artırılır. Elektron bəyannamələrin təqdim edilməsi, onlayn nəzarət mexanizmləri və rəqəmsal həllər vergi sistemində proseslərin daha şəffaf və operativ həyata keçirilməsinə imkan yaradır. Eyni zamanda, sahibkarlarla açıq dialoqun qurulması, maarifləndirmə tədbirlərinin keçirilməsi və qanunvericiliyin sadələşdirilməsi vergi mədəniyyətinin yüksəldilməsinə xidmət edir. Bütün bu tədbirlər nəticə etibarilə vergi ödəyicilərinin biznes mühitinə etimadını gücləndirir, könüllü vergi ödənişlərinin artmasına və ölkə iqtisadiyyatının davamlı inkişafına töhfə verir. 2025-ci ilin nəticələrinə görə, vergi öhdəliklərinə könüllü əməletmə göstəricisi 92,6 faiz təşkil edir. 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə 2,1 dəfə artıb.
Vergi ombudsmanı institutu – etimad platforması
Bu dinamikanı davamlı olaraq təmin etmək üçün vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunması mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Vergi sistemi ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, yaranan mübahisələrin operativ və ədalətli şəkildə həll olunması üçün institusional mexanizmlərin mühüm rolu var. Bu baxımdan bir sıra ölkələrin təcrübəsində tətbiq olunan vergi ombudsmanı institutu vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, onların müraciətlərinin obyektiv araşdırılması və vergi inzibatçılığı ilə bağlı problemlərin aradan qaldırılması baxımından müsbət nəticələrlə səciyyələnir.
Azərbaycanda vergi ombudsmanı institutu 2019-cu ildə yaradılıb. 2023-cü ildə isə Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Vergi ombudsmanının əsas vəzifələri vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində preventiv tədbirlərin görülməsi, vergi ödəyicilərinin hüquqlarının pozulması hallarının aşkarlanması, əlverişli biznes mühitinin yaradılması istiqamətində təkliflərin hazırlanması və vergi proseslərinin səmərəli təşkilinə dair tövsiyələrin verilməsidir. Bundan başqa, vergi ödəyiciləri ilə mütəmadi görüşlərin, sorğuların keçirilməsi və müraciətlərin təhlil edilməsi də vergi ombudsmanının əsas vəzifələrinə aiddir. Görülən işlərin effektivliyini təmin etmək üçün nəzarət mexanizmi də mövcuddur. Bu xüsusda, ombudsmana ünvanlanmış müraciətlərin icrasına nəzarət, iş proseslərinin keyfiyyətinin monitorinqi, keyfiyyətin monitorinqi nəticəsində fəaliyyətin daha səmərəli və vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində təşkilinə dair təkliflər və ya tövsiyələrin hazırlanması həyata keçirilir. Sahibkarların üzləşdiyi məsələləri dinləmək və irəli sürdükləri təkliflərlə tanış olmaq üçün vergi ödəyiciləri ilə sistemli görüşlər keçirilir. İndiyədək müxtəlif regionlarda, o cümlədən Sumqayıt, Lənkəran, Gəncə, Bakı, Naxçıvan, Ordubad, Şəmkir, Zaqatala, Göyçay və Yevlax şəhərlərində belə görüşlər təşkil edilib.
Vergi ödəyiciləri ombudsmana elektron formada da müraciət edə bilərlər. Bunun üçün Dövlət Vergi Xidmətinin saytında müvafiq bölmə fəaliyyət göstərir. https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet
Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən mütəmadi olaraq qiymətləndirmə və təhlillərin nəticələrinəsasən vergi ödəyicilərinin şikayətlərinə səbəb olan əsas amillər müəyyən edilir. Aparılan araşdırmalar üzrə müraciətlərin formalaşmasına təsir edən problemlər müvafiq qruplaşdırılır. Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin qorunması məqsədilə Dövlət Vergi Xidmətində həyata keçirilən iş prosesləri üzrə ayrıca təhlillər aparılır və həmin proseslərin icra keyfiyyətinin monitorinqi həyata keçirilir. Bu monitorinq və təhlillərin nəticəsi olaraq mövcud çatışmazlıqların aradan qaldırılması və vergi ödəyiciləri ilə münasibətlərin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra təklif və tövsiyələr hazırlanaraq Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinə təqdim edilir.
Əvvəlki ildən araşdırılması davam edən 4 müraciət də nəzərə alınmaqla, 2025-ci il ərzində ümumilikdə 179 müraciət üzrə araşdırma aparılıb. Araşdırmaların nəticələrinə əsasən 100 müraciət üzrə əlavə tövsiyələrin verilməsinə ehtiyac müəyyən edilməyib. Belə ki, həmin müraciətlərdən 72-si üzrə hər hansı hüquq pozuntusu halı aşkar edilməyib, 16 müraciət üzrə müraciətə səbəb olan hal araşdırma müddətində aradan qaldırılıb, 12 müraciət üzrə isə əsasnamə ilə səlahiyyətlərə aid olmadığından müraciət edən şəxslərə müvafiq izahat verilib.
Bununla yanaşı, aparılmış araşdırmalar nəticəsində 76 müraciət üzrə vergi ödəyicilərinin hüquqlarının pozulması halları müəyyən edilib və bu halların aradan qaldırılması məqsədilə aidiyyəti struktur bölmələrə müvafiq tövsiyələr göndərilib. Araşdırma müddətində müraciətə səbəb olan hal aradan qalxan 16 müraciət də nəzərə alınmaqla 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqlarının bərpası təmin edilib. Hesabat dövrünün sonuna isə 3 müraciət üzrə araşdırma prosesi davam etdirilib.
Vergi ombudsmanı institutunun fəliyyəti vergi sistemində şəffaflığın və ədalət prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bu fəaliyyət vergi ödəyiciləri ilə dövlət arasında qarşılıqlı etimadın gücləndirilməsinə, onların hüquq və qanuni mənafelərinin daha effektiv qorunmasına, eləcə də vergi inzibatçılığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Beləliklə, vergi ödəyiciləri ilə proaktiv ünsiyyət, könüllü əməletmənin təşviqi və dövlət–biznes münasibətlərində yeni keyfiyyət mərhələsi DVX-nin gələcək yolunu müəyyən edir. Bu yol strateji hədəflərə fokuslanan və vergi sisteminə etimad yaradan bir vergi idarəçiliyi modelinə aparır.











