Satınalma qaydalarında dəyişikliklərin üstün cəhətləri. Mövzunu maliyyə eksperti Şəms Hüseynova şərh edir.
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq dairəsi aşağıdakı kimi müəyyən edilir:
- Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir;
- dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir;
- birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satınalınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabına köçürülür. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Bu qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi və hüquqi, həmçinin təşkilati əsaslarını müəyyənləşdirir. Qanun satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyənləşdirir. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma proseslərində istənilən rezident, qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.
"Dövlət satınalmaları haqqında" Qanunun 16.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender metodu tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir. Ş.Hüseynovanın sözlərinə görə, qanunda göstərilən hallardan asılı olaraq yuxarıda qeyd olunan metodlar tətbiq edilə bilər.
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanının 2-ci bəndinə əsasən, 50.000 manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir. Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli Q-12 nömrəli Qərarına əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 min manat, kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5 min manat müəyyən edilmişdir. 2018-ci ildə "Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilməsi nəzərdə tutulub. Bu səbəblə "Dövlət satınalmalarının vahid elektron portalı" yaradılıb.
Açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və düzgün rəqabətliliyin daha da artırılması, mikro, kiçik və orta sahibkarlarının inkişafına, onlar üçün əlverişli biznes şəraitinin, həmçinin dövlət vəsaitlərinin qənaətlə və düzgün istifadə olunmasına imkan yaradır. Portalda qanunvericilik, satınalma planları, e-tender, müsabiqələr, bağlanmış müqavilə haqqında məlumat, tez-tez verilən suallar, etibarsız malgöndərənlər kimi əsas bölmələr yaradılıb. Portalın operatoru funksiyaları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarınn Müdafiəsi Dövlət Xidmətinə həvalə edilib.
Qanunda edilən digər dəyişiklik satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri ilə bağlıdır. Qanunun 6-cı maddəsində malgöndərənin ixtisasına görə tələblər nəzərdə tutur. Qanunun 6.2.5-ci maddəsinin tələbinə görə, dövlət satınalmalarında iştirak etmək istəyən şəxslərin seçilməsi üçün onların Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması vacibdir. Həmçinin, qanunda edilən dəyişiklik tenderlə bağlı müddətlərin qısaldılmasına, tender dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirildikdə, satınalmaların nəticələrinin avtomatik rejimdə müəyyən olunması və qərarın bir bank günü ərzində qəbuluna, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının tənzimlənməsinə səbəb olacaq.
Qanun satınalmalar sahəsində şəffaflığın təmin edilməsi, müasir informasiya texnologiyalarından istifadə edilməsi məqsədilə hazırlanıb. Satınalmaların vahid elektron portalının yaradılması və elektron həyata keçirilməsi subyektiv amillərin aradan qaldırılmasına, insanların sərbəst və vaxt itkisinə məruz qalmadan tenderdə iştirakına şərait yaradır. Həmçinin, satınalmanı həyata keçirən təşkilatın üzərinə yeni vəzifələr qoyulur. Bu qanunda edilən köklü dəyişikliklər dövlət satınalmalarının planlaşdırılmasını nəzərdə tutur. Satılan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiqləyir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Satınalma planının təsdiqi mal, xidmət, iş təqdim edənlərin öz fəaliyyətini həmin verilən təkliflərə əsasən qurmasına, məhsulun dövlət satınalmaları sifarişinə uyğun istehsalına səbəb olacaq. Qanun gələcəkdə həyata keçiriləcək satınalma proseslərində fikir ayrılıqlarını və yarana biləcək suni maneələri aradan qaldırmaq üçün dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin və digər dövlət qulluqçularının davranış kodeksinin müəyyən olunmasını nəzərdə tutur.