Bəzi sahibkarları narahat edən məsələlərdən biri də icarə münasibətləri ilə bağlıdır. Şəxs ona məxsus olan daşınmaz əmlakı təsisçi olduğu hüququ şəxsə əvəzsiz istifadəyə verə bilərmi? İcarə müqaviləsi bağlamadan etibarnamə ilə obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq mümkündürmü?
Eləcə də bax: Vergi Məcəlləsinə dəyişikliklər açıqlandı – TAM MƏTN
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu və digər suallara “Total Consulting” MMC-nin partnyoru, vergi üzrə hüquqşünas Elvin Şərifov aydınlıq gətirib.
Vergi mütəxəssisi bildirib ki, Mülki Məcəlləyə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir və bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur: “Vergi Məcəlləsində göstərilib ki, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər. Həmin Məcəlləyə əsasən, daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər”.
E.Şərifov qeyd edib ki, fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə, tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcəsi ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Fiziki şəxs mülkiyyətində olan daşınmaz əmlakdan istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi halda isə həmin obyekt təsərrüfat subyekti kimi vergi orqanında uçota alınmalıdır. Fiziki şəxsin mülkiyyətində olan əmlakdan özü tərəfindən istifadə edilməsi icarə münasibətlərinin yaranmasına səbəb olmur. Bunlardan əlavə, fiziki şəxsin mülkiyyətində olan daşınmaz əmlakın və ya bu əmlakdan istifadə hüququnun hüquqi şəxsin nizamnamə kapitalına pay kimi qoyulması tərəflər arasında icarə münasibətləri yaradan əməliyyat hesab edilmir.