2023-cü ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.430.739 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı sual-cavab kitabçası - TƏQDİM OLUNUB
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 9,9 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. İndiyədək 164.645 kommersiya qurumu, 20.937 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.
2023-cü ilin birinci rübü ərzində 3.877 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur. Onlardan 85,4 faizi yerli investisiyalı, 13,1 faizi xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 80,7 faizi elektron qaydada edilmiş müraciətlər əsasında qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 93,6 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 509 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2022-ci ilin birinci rübü ilə müqayisədə 76 vahid çox) qeydiyyata alınıb.
2023-cü ilin birinci rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22,4 faiz artıb. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 26,6 faiz artıb. Hesabat dövründə 399 publik hüquqi şəxsi dövlət qeydiyyatına alınıb.