Azərbaycanda daşınmaz əmlakların alqı-satqısı üzrə ƏDV geri al sistemi tətbiq ediləndən sonra indiyədək 2 min nəfər bundan faydalana bilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov bildirib.
Onun sözlərinə görə, indiyədək bununla bağlı yaradılan portal üzərindən 6 mindən artıq müraciət qeydə alınıb, 2 mindən artıq müraciət təsdiqlənib və 5 milyon manatdan artıq vəsait ƏDV-nin bir hissəsi olaraq vətəndaşlara geri qaytarılıb.
Bununla yanaşı, T.Məmmədovun sözlərinə görə, bəzi alıcılar ƏDV-ni geri ala bilməyib. Bunn səbəblərindən biri öz bank rekvizitlərini düzgün göstərməməsidir. Qeyd edək ki, ƏDV geri almaq istəyən vətəndaş portala daxil olub, ərizə ilə müraciət etməklə yanaşı, eyni zamanda vəsaitin köçürüləcəyi bank rekvizitlərini də qeyd etməlidir: «Çox vaxt bəzi vətəndaşlar onlara xidmət edən banklarla dəqiqləşmə aparmadan bank rekvizitlərin özləri müəyyən edib göstərirlər. Belə müraciətlərin sayı 940-dır, bu sayda halda vətəndaş ƏDV üçün müraciət edib, amma rekvizitləri səhv göstərdiyi üçün ƏDV-ni geri qaytarmaq mümkün olmayıb. Yəni göstərilən bank rekvizitləri onlara aid olmur və ya rekvizitlərdə düzgün simvollar göstərilmir və nəticədə biz ƏDV-nin banklara qaytarılması üçün müraciət edəndə banklar bildirirlər ki, bu hesaba vəsaitin köçürülməsi mümkün deyil və ya yanlış hesabdır».