"Vergi ödəyicilərinin dövriyyələrinin şəffaflaşdırılması əsas prioritet hədəf kimi qarşıya qoyulub. Dövlət Vergi Xidməti (DVX) dövlətin bu sahədəki siyasətini uğurla icra edir. Bu hədəfə çatmaq üçün DVX bir sıra vasitələrdən istifadə edir".
9 ayda istehlakçılara 113 milyon manat - ƏDV QAYTARILIB
FED.az xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, vergi ödəyicilərinin sayının artmasında həm inzibati, həm də müxtəlif təşviq layihələri rol oynayıb:
"Son illər istər inzibati metodla, istərsə də təşviq və maariflənmə yolu ilə vergi ödəyicilərinin sayının artımına nail olunub. İnzibati yolla, yəni, daha çox cərimələr tətbiq etməklə, “kölgə iqtisadiyyatı”nın səviyyəsini minimuma endirmək məqsədilə bir sıra yoxlamalar həyata keçirməklə, təbliğat işləri aparmaqla vergi ödəyicilərində öz dövriyyələrinin dürüstləşdirilməsinə, şəffaflaşdırılmasına, real uçot məlumatlarının düzgün göstərilməsinə çalışılır. Digər tərəfdən qeyd etdiyimiz kimi, təşviq yolu ilə, xüsusilə istehlakçılar vasitəsilə bir sıra alətlərdən istifadə olunur. Onlardan biri də son zamanlar tətbiq edilən "ƏDV geri al" layihəsidir. Bunun nəticəsində istehlakçılar son vaxtlarda ƏDV ödəyicisi olan satıcılara üstünlük verirlər. Eyni zamanda son dövrlərdə tətbiq olunan yeni nəsil nəzarət-kassa aparatları vergi ödəyicisinin dövriyyəsində hər hansı bir yayınmalar, əlavə manevrlər etmək imkanlarını minimuma endirib. Çünki aparat real vaxt rejimində işləyir və orada bütün əməliyyatlar detalları ilə əks olunur. Artıq vergi ödəyicisinin oraya hər hansı bir kənar müdaxiləsi çox çətindir".
Bu cür layihələr sayəsində dövriyyələrdədə yüksəlmələrin baş verdiyini deyən A.Bayramov bununla həmin vergi ödəyicilərinin ƏDV ödəyicisinə könüllü keçməyinə zəmin yarandığını qeyd edib. ƏDV ödəyicilərinin artmasına digər bir səbəb kimi qanunvericiliyin tələbini xatırladib: "Vergi ödəyicisinin məcburi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınması üçün əsas şərtlərdən biri onun son 12 aylıq dövriyyəsinin 200.000 manatdan yuxarı olmasıdır. Yəni, vergi ödəyicisinin dövriyyəsi 200.000 manatı keçirsə, avtomatik ƏDV ödəyicisi olması zərurəti yaranır. Bildiyimiz kimi, dünyada və o cümlədən də Azərbaycanda baş verən inflyasiyanın nəticəsində qiymətlərin artımı tendensiyası müşahidə olunur. Bunun nəticəsində satılmış məhsula görə vergi ödəyicisinin dövriyyəsi artır. Nəticədə dövriyyənin yuxarı qalxması ƏDV ödəyicisi kimi məcburi qeydiyyata düşmə tələbi yaradır".
A.Bayramov ƏDV ödəyicilərinin sayının artmasına təsir edən amillərdən biri kimi əhalinin artımı, ölkədə müxtəlif məhsullara tələbatın yüksəlməsini göstərib.
A.Bayramov ƏDV ödəyicilərinin sayının artmasına təsir edən amillər sırasında artıq vergi ödəyicilərinin öz maliyyə analizlərini daha dəqiq aparmasını da qeyd edib:
"Vergi ödəyiciləri maliyyə analizlərini apardıqları zaman müəyyən olunur ki, ƏDV ödəyicisi kimi fəaliyyət göstərmək onlara daha sərfəlidir. Onların bir qismi ölkəyə mal idxal edirlər və idxalda ƏDV ödəyirlər. Əgər sahibkar ƏDV ödəyicisi kimi qeydiyyata düşərsə, ödədiyi ƏDV məbləğlərini əvəzləşdirə bilərlər. Bu səbəbdən onlar ƏDV ödəyicisinə çevrilirlər. Bu da ətrafdakı digər vergi ödəyicilərinə təsir edir. Artıq vergi ödəyicisi baxır ki, ətrafında olan bütün kontragentlər - istər müştərilər, istərsə də təchizatçılar ƏDV ödəyicisidir. Həmin vergi ödəyicisi də artıq öz biznesini düzgün idarə etməsi üçün ƏDV ödəyicisi olmağa üstünlük verir. Çünki yalnız hər iki tərəf ƏDV ödəyicisi olduğu halda əməliyyatlar daha effektiv olur".
A.Bayramov ƏDV ödəyicilərinin sayının artması tendensiyasının gələcək dövrlərdə də müşahidə ediləcəyini vurğulayıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu ilin oktyabr ayının 1-i vəziyyətinə aktiv vergi ödəyicilərinin sayının ilin əvvəli ilə müqayisədə 5,7 faiz artaraq 752,5 min olduğunu açıqlayıb. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artaraq 44,3 min təşkil etdiyi məlum olub. (Vergilər.az)