2024-cü ilin yanvar-may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289.929 şəxs qəbul edilib və onlara 437.692 sayda xidmət göstərilib. Göstərilən xidmətlərin 164 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 96 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə istinadən xəbər verir.
Kartla daşınmaz əmlak alanlara 5 ayda 8 milyon manatdan çox ƏDV geri qaytarılıb
Ümumi elektron xidmətlərin 89,1 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması.
Vergi ödəyicilərindən daxil olmuş 15 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 5 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Hesabat dövrü ərzində 2.598 vergi ödəyicisinin iştirakı ilə 143 görüş keçirilib, 2.371 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 257 mindən çox SMS göndərilib.
Yanvar – may ayları ərzində ümumilikdə 151.318 müraciət üzrə 250.422 Asan İmza sertifikatı verilib.