Prezident iİlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmanla aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə qərara alınıb:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
1.1. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin (bundan sonra – hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin etsin;
1.2. bu Fərmanın 2.1-ci bəndi nəzərə alınaraq, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasının mərhələli şəkildə başa çatdırılması üçün zəruri tədbirlər görsün;
1.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Elektron kənd təsərrüfatı və Torpaqların elektron kadastr uçotu informasiya sistemləri arasında informasiya mübadiləsinin genişləndirilməsini təmin etmək üçün iki ay müddətində zəruri tədbirlər görüb bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir;
2.2. bu Fərmanın 1.1-ci bəndinin icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) bu Fərmanın 1.1-ci bəndinin icrasını daha səmərəli həyata keçirmək üçün tələb olunan bütün xidmətlərin mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini 2021-ci il noyabrın 1-dən etibarən təşkil etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 1.1-ci bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmini bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi üçün 3.500.000,0 (üç milyon beş yüz min) manat məbləğində vəsaiti 2022 – 2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
6. Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmandan irəli gələn məsələlərin həllinə zəruri kömək göstərsinlər.