UNEC ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
UNEC ilə Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR
FED.az xəbər verir ki, tədbirdə UNEC rektoru prof. Ədalət Muradov, AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov, universitetin və AİH-in nümayəndələri iştirak ediblər.
Rektor Ədalət Muradov AİH-in UNEC ilə əməkdaşlığını yüksək qiymətləndirərək, holdinqin rəhbərliyinə təşəkkürünü bildirib. Ə.Muradov çıxışında universitet və iş dünyası arasındakı əməkdaşlığın vacibliyindən söz açaraq, bu sahədəki mövcud problemlərə toxunub: “İşəgötürənlər əmək bazarının tələblərinə cavab verən mütəxəssis olmadığından şikayətlənirlər, universitetlərə isə işəgötürənlərin tələbləri ilə bağlı təkliflər daxil olmur. Həllini gözləyən problemlərdən biri də ondan ibarətdir ki, iş dünyası qısamüddətli dövr ərzində keçilən təlimlər nəticəsində əldə olunan sertifikatları ixtisas dərəcəsi kimi qəbul etmir. Azərbaycan İnvestisiya Holdinqi bu təşəbbüsü dəstəkləyərsə, ictimai müzakirələrə “yaşıl işıq” yandırmaq olar və bununla da təhsil xidmətləri bazarının inkişafına əlavə stimul vermiş olarıq”.
AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov UNEC ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, AİH-də çalışanların 22 faizinin məhz UNEC məzunları olduğunu diqqətə çatdırıb. R.Əlixanov iş dünyasının təhsil müəssisələri ilə əlaqələrindən, məzunlardan tələb olunan səriştə və bacarıqlardan söz açıb. UNEC ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.
Çıxışlardan sonra rektor prof. Ədalət Muradov və AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov əməkdaşlıq haqqında memorandumu imzalayıblar.
Memorandumda menecment, bank işi, maliyyə və korporativ idarəetmə sahəsində tədbirlərin və "Recruitment day"in təşkili, "Qeyri-akademik transkript" layihəsində iştirak, tələbələrin bilik və bacarıqlarının davamlı inkişafını təmin edən layihələrin icrası, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Həmçinin tələbələrin AİH-də təcrübə proqramlarına və işə cəlb olunması, sifarişli layihə, dissertasiya və elmi-tədqiqat işlərinin yazılması, job.unec.edu.az platformasında vakansiyaların elan edilməsi, UNEC-in Bloomberg Maliyyə laboratoriyasının imkanlarından istifadə, birgə distant təlimlərin təşkili, sosial məsuliyyət kəsb edən layihələrin icrası, konfrans, təlim, ustad dərslər və seminarların təşkili, eləcə də digər istiqamətlər üzrə əməkdaşlıq imkanları memorandumda yer alıb.