Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerində ayrı-seçkilik halları və əmək haqlarındakı fərqlə bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, nazirliyin açıqlamasında həm iş yerində, işləyən əməkdaşlar arasında ayrı-seçkilik məsələləri, həm də işə qəbulda müxtəlif bəhanələrlə bağlı məsələlər əks olunub.
Nazirlik bildirir ki, əmək qanunvericiliyinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, etnik mənsubiyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, mənşəyinə, yaşına, ailə vəziyyətinə və vəzifələrinə, əqidəsinə görə işçilərə fərq qoymaq qadağandır.
Qanun işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı - birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsini qadağan edir.
Bildirilib ki, qeyd edilən amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
Nazirlik iş yerində gender (kişi-qadın) bərabərliyini də xüsusi vurğulayıb: «İşəgötürənlər cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmalı, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməlidir»-deyə bildirilir.
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə götürənlərə, sahibkarlara və şirkətlərə xəbərdarlıq edib ki, işdə rpozuntu olanda ayrı-ayrı işçilərə fərqli münasibət göstərməsinlər.
«Eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməməli, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir».
Müəyyən edilmiş hallar istisna olmaqla əlilliyi olan şəxslə əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
Nazirlik xüsusi olaraq immun çatışmazlığı virusu (QİÇS) olan insanların əmək hüquqlarını ayrıca xatırladıb. Bildirib ki, qanunun qadağan etdiyi hallar istisna olmaqla, belə şəxslərin işə qəbulundan imtina edilməsi qanunsuzdur: «İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır».
Eyni qayda dağınıq skleroz xəstələrinə də aiddir: «Dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir».
Eyni zamanda nazirlik bildirir ki, işğaldan azad olunan ərazilərdə işçilərə xüsusi imtiyaz və güzəştlərin təyin edilməsi ayrı-seçkilik deyil: «Qadınlara, əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyənləşdirilməsi isə ayrı-seçkilik hesab olunmur».
Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinə (maddə 205-1.1) görə, əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına görə, eləcə də müvafiq hallar istisna olmaqla onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə görə 300-500 manat cərimə nəzərdə tutulub.












