Maliyyə Bazarlarına Nəzarət Palatası(MBNP) sığorta şirkətlərində aparılan yoxlamaların nəticəsini açıqlayıb. Palatadan bildirilib ki, aparılan yoxlamalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 97-ci maddəsinə və Palatanın Direktorlar Şurası tərəfindən 2017-2019-cu illəri əhatə edən “Sığorta sektorunun tənzimlənməsi və nəzarəti üzrə Tədbirlər Planı”-na əsasən həyata keçirilir. Yoxlama əsasən Sığorta bazarının peşəkar iştirakçılarının sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi ilə bağlı vəziyyətin yerində araşdırılması məqsədi ilə aparılır.
Məlumatda deyilir ki, hazırda “Azərsığorta” DKSŞ-da aparılan yoxlama bitib və nəticələri müzakirə olunmaqdadır. Yoxlamanın nəticəsinə dair “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi müddət ərzində sığortaçıya icrası məcburi göstəriş-təqdimat veriləcəkdir.
Palatadan bildirilib ki, yoxlamalar qeyd olunan tədbirlər planına əsasən həyata keçirilir və tematik xarakter daşıyır. 2017-ci ilin 4 cü rübü ərzində Palata “AXA Mbask” ASC-də yoxlama aparıb və “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə riayət edilməsinə dair icrası məcburi göstəriş-təqdimat verilib.
Hazırda isə Palata tərəfindən “Profam” MMC-də sığorta qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üçün növbədənkənar səyyar yoxlama həyata keçirilir.