STAR neft emalı zavodunun Azərbaycan üçün əhəmiyyəti:
- Yüz milyonlarla əlavə mənfəət mənbəyi;
- Azərbaycan və SOCAR-ın bir məhsuldan (xam neftdən) asılılığının aradan qaldırılmasına yönəlmiş strategiyasına uyğun tikilib istismara verilmişdir. SOCAR-ın emal və neft-kimya kompleksinin mühüm tərkib hissəsi olan STAR, xam neftin qiymətinin aşağı düşəcəyi təqdirdə şirkətin ümumi gəlirliyini tarazlaşdırmağa yardım edəcək;
- Azərbaycan burada tək öz neftini deyil, həm də başqa ölkələrin xam neftini emal edir ki, bununla da öz təbii resurslarının çərçivəsindən çıxaraq, əlavə gəlir əldə etməyə nail olur;
- STAR SOCAR-ın “Petkim” neft-kimya kompleksini xammal ilə təchiz edərək, onun əməliyyat rentabelliyini artırır və əlavə mənfəət yaradır;
- Azərbaycanın birbaşa okeanlara çıxışı olmasa da, STAR NEZ Egey dənizinin ən böyük limanı SOCAR Terminalının yanında yerləşdiyi üçün biz buradan məhsulumuzu dünyanın istənilən nöqtəsinə dəniz yolu ilə çatdıra bilirik. Beləliklə, Azərbaycan, İzmirin Əliağa bölgəsində yaratdığımız böyük sənaye kompleksi vasitəsi ilə dünya loqistika şəbəkəsinə pəncərə açmış oldu.
TƏK NÖQTƏYƏ YATIRILAN ƏN BÖYÜK REAL SEKTOR SƏRMAYƏSİ
------------------------------------------------------------
· Türkiyədə real sektorun tək nöqtəyə yatırdığı ən böyük investisiya layihəsi olan STAR NEZ 2018-ci ilin oktyabrında fəaliyyətə başlayıb. 6,3 milyard dollar dəyəri olan nəhəng layihə bu yaxınlarda təməli qoyulan əlavə saxlama obyekti investisiyası ilə təxminən 7 milyard dollarlıq bir miqyasa çatıb. STAR zavodunda tikintinin ən intensiv dövründə işlərə 14 ölkədən
19 500 adam cəlb edilmişdir ki, onların da 3 mindən çoxu mühəndislər olub. Hazırda zavodda 1 100 nəfər çalışır.
TÜRKİYƏNİN İLK STRATEJİ İNVESTİSİYA SƏNƏDİ STAR NEFT EMALI ZAVODUNA MƏXSUSDUR
--------------------------------------------------------------------------------------
· STAR NEZ Türkiyə real sektor tarixinin ən böyük və uzunmüddətli layihə maliyyələşdirilməsi haqqında kredit sazişinin imzalanması ilə yadda qalmışdır. Bu, son 60 ildə Türkiyədə inşa edilən ilk yeni neft emalı zavodudur. Emal və neft-kimya sahələrinin inteqrasiyasını həyata keçirən STAR NEZ eyni zamanda Türkiyənin ilk “Strateji İnvestisiya Təşviq Sənədi”nə də sahibdir.
EMAL OLUNMUŞ NEFT EHTİYACININ 25%-Nİ TƏMİN EDİR
----------------------------------------------------------------------------
SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən STAR NEZ Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir. İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. 100-dən artıq neft çeşidini emal etməyə qadir olan STAR zavodunun gündəlik emal gücü 214 min barrel xam həcmindədir.
TAM GÜCÜ İLƏ İŞLƏMƏYƏ BAŞLADI
-------------------------------------------------------------------------------------
· İlk satışını 2019-cu ilin yanvarında “Petkim”ə nafta tədarük etməklə həyata keçirən STAR NEZ 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb. Cari ilin əvvəlindən ümumilikdə 4,5 milyon ton məhsul istehsal edən STAR zavodu daxili bazarı tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir. STAR NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır.
Neft məhsulları sahəsində Türkiyənin xaricdən asılılığını aradan qaldırmağı və cari kəsirini azaltmağı hədəfləyən STAR NEZ məhsul çeşidləndirilməsini də bu məqsədlə həyata keçirir. Zavod ildə 4,8 milyon ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq. NEZ-in məhsul çeşidləri arasında benzin yoxdur.
--------------------------------------------------------------------------------
600 MİLYON DOLLARLIQ ƏLAVƏ İNVESTİSİYANIN ƏSASI QOYULDU
--------------------------------------------------------------------------
STAR NEZ-də əməliyyat effektivliliyini yüksək səviyyəyə qaldırmaq məqsədilə bu yaxınlarda təxminən 600 milyon dollarlıq əlavə investisiya layihəsinin əsası qoyulub. STAR zavodunun anbar tutumunun artırılmasına yönəldilən bu layihə çərçivəsində mövcud 1,6 milyon kubmetrlik anbar tutumunun 2,5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur. Layihə hər biri 134 500 kubmetr olan iki xam neft çənini və hər biri 36 500 kubmetrlik ara məhsul çənlərini əhatə edir. Ümumilikdə 342 000 kubmetr anbar imkanı yaradacaq layihənin 2021-ci ildə tamamlanması gözlənilir.
2019-CU İLİN İLK YARISINDA “PETKİM”Ə 260 000 TON NAFTA TƏDARÜK EDİLDİ
-------------------------------------------------------------------------------------
· STAR NEZ-in 2018-ci ilin oktyabrında açılışından sonra bütün qurğular mərhələli şəkildə istifadəyə verilərək istehsala başlanıldı və hazırda istehsal prosesi uğurla davam etdirilir. İlk məhsul satışı 2019-cu ilin yanvarında “Petkim”ə nafta verilməsi ilə həyata keçirildi. STAR NEZ-in əsas hədəfi “Petkim” ilə inteqrasiya yaratmaqdır. Zavod “Petkim”in yaxınlığında inşa edilmişdir və iki nəhəng kompleks boru kəmərləri vasitəsilə bir-birinə bağlanıb. 2019-cu ilin ilk yarısında zavoddan “Petkim”ə 260 000 ton nafta tədarük edilmişdir. Ehtiyac duyduğu xammalın STAR zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı təmin etməklə “Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır. Bundan başqa, dəniz vasitəsilə
nafta idxalının dayandırılması nəticəsində, “Petkim”in yükləmə limanında sıxlıq azalmış və ixrac mallarının yüklənməsi asanlaşmışdır.
DAXİLİ BAZARA TƏCHİZAT BAŞLADI
----------------------------------------------------------------------------
STAR NEZ bu il sentyabrın sonlarından etibarən tam gücü ilə işləməyə başlayıb və indiyə qədər zavodda 4,5 milyon ton xam neft emal edilib, ilin sonuna kimi bu rəqəmin 8 milyon tona yüksəlməsi nəzərdə tutulur. Bazara eyni zamanda dizel, təyyarə yanacağı, LPG, neft koksu kimi məhsullar çıxarılır. Ötən aylarda “SOCAR Aviation” İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi uddu. STAR NEZ-də istehsal olunan təyyarə yanacağının mühüm bir hissəsi İstanbul aeroportuna tədarük olunacaq. STAR-ın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir.
Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır. Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Lakin bazara STAR NEZ-in 1,6 milyon tonluq istehsalı daxil olması sayəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacağı idxalına ehtiyac qalmayacağı ehtimal edilir.
VALYUTA MƏZƏNNƏLƏRİNDƏ VƏ NEFTİN QİYMƏTİNDƏKİ DALĞALANMALAR TƏSİR ETMİR
--------------------------------------------------------------------------
Neftin qiyməti 2018-ci ildə son 4 ilin ən yüksək həddinə çatdıqdan sonra bu il bir qədər azaldı. Qlobal miqyasda qiymətlərin artması xammal xərclərini də artırır. Bu vəziyyət istər-istəməz ümumi xərclərdə öz əksini tapır. STAR NEZ investisiyalarını və xammal alış sazişlərini uzun müddətə bağladığı üçün neft qiymətlərindəki artım və azalmaların təsirini o qədər də hiss etmir. “Petkim” və STAR NEZ-in inteqrasiyasının faydaları burada çox aydın görünür.