Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.
Başqa sözlə, 2023-cü il 1 yanvar tarixindən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməli olacaq.
Əvvəl bunun 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.