"Xoşbəxtlik pulda deyil", "xoşbəxtliyi pulla ala bilməzsən" sözlərini tez-tez eşidirik. Əgər müəyyən miqdarda pul həqiqətən sizi xoşbəxt etməyə qadirdisə, bəs onda necə?
Və məgər insanlar onunla eyni işi yerinə yetirən həmkarlarının daha çox maaş aldığını öyrənəndə özlərini bədbəxt hiss etmirlərmi?
Pulun olması (və ya olmaması) ən azı sizə azca sevinc (və ya ümidsizlik) verə bilər. Ötən həftə Linkedin işgüzar sosial şəbəkəsinin nüfuzlu istifadəçiləri xoşbəxtlik üçün nə qədər pulun lazım olduğu və əmək haqqı miqdarının sirr saxlanılmaması barədə öz fikirlərini söyləyiblər.
Felix Salmon, Fusion-un baş redaktoru
"Maaşı barədə danışmağı xoşlayan çox az insan var, xüsusilə, həqiqətən daha çox pul qazananlar arasında belələri daha çoxdur", - deyə Salmon "Maaşın miqdarını niyə gizlətmək lazım deyil" adlı məqaləsində yazıb.
Buna təkan verən isə bir qədər əvvəl "New York Times"ın baş redaktoru vəzifəsini tərk edən Jill Abramson-un işdən azad olmaq ərəfəsində öz maaşı ilə sələfinin maaşı arasındakı fərqlə bağlı suallar verməyə başlaması barədə yayılan söz-söhbətlər olub.
Şirkətləri bir qayda olaraq çox pul qazanan insanlar idarə etdiyinə görə, nəticədə əmək haqqına aid olan hər şeydə sükut mədəniyyəti və gizliliyi yaradılıb.
Salmon-un sözlərinə görə, maaş mövzusunda məxfilik örtüyünü qaldırmaq üçün kifayət qədər gözlənilməz səbəblər mövcuddur.
"Bu cür gizlilik prinsipcə istənilən təşkilat üçün pisdir", deyə o bildirib.
"Birincisi, maaşın miqdarının gizlədilməsi qadınlar üçün daha pisdir. Çünki kişilərə nisbətən qadınlar üçün maaş artımını tələb etmək daha çətindir. Kişilərin gizlin maaş artımını istəmək və bunu gizli almaq (amma qadınlar yox) kişilərin niyə qadınlardan daha çox qazandıqlarını izah (ən azı qismən) etməyə kömək edir",- deyə Salman bildirib.
Bundan başqa, maaş ətrafındakı gizlilik pərdəsi rəhbərlər üçün (şüurlu və ya şüursuz) əməkdaşlar arasında öz sevimlilərini ayırmaq üçün əla vasitədir. Fusion-nin baş redaktoru belə hesab edir.
"Mən əminəm ki, biz hamımız elə şirkətlərdə işləmişik ki, orada əhəmiyyətli irəliləyiş əldə etməyin yeganə yolu başqa yerdən iş təklifi aldığınız faktını rəhbərlik qarşısında qoymaqdır. Şübhəsiz ki, bu şirkətin idarə olunması üçün iyrənc vasitədir.
Çünki əməkdaşlarda digər şirkətdə iş axtarışına həddən çox vaxt sərf etmək üçün stimul yaranır, hətta hazırkı iş yeri onları qane etsə belə",- deyə o əlavə edib.
"Əgər siz kimin nə qədər maaş aldığını hər kəsin bildiyi bir şirkətdə işləyirsinizsə, o zaman hər şeyin necə təşkil olunduğunu öyrənmək sizin üçün çox asandır. Siz çox asanlıqla burda kimin "ulduz" olduğunu, necə bacarıqların və istedadların həvəsləndirildiyini anlayacaqsınız.
Siz kişilərə qadınlardan daha çox maaş verilib-verilmədiyini, rəhbərliyin maaşının yüksək olub-olmadığını və maaş artımına nail olmaq üçün digər şirkətə getmək təhdidin işə yarayıb-yaramayacağını görürsünüz. Bundan başqa rəhbərlik qalanların istənilən halda hər şeyi öyrənəcəyini başa düşdüyünə görə, bu gün bir çox şirkətdə tez-tez müşahidə olunan kulisarxası razılaşmalar(rəhbərliklə əməkdaş arasında) ehtimalı daha azdır".
Bruce Kazanoff, marketoloq və sahibkarlıq barədə kitabın həmmüəlifi
Bəlkə də xöşbəxtliyi pulla almaq mümkündür. Və ya müəyyən miqdarda pula. Ən azı Princeton Universiteti tərəfindən keçirilən sorğunun (sorğuda 450 min insan iştirak edib) nəticələriylə tanış olduqdan sonra məhz bu fikrə gəlmək olar. Araşdırma göstərib ki, emosional rifah hissini orta hesabla illik 75 min dollar mədaxillə qazanmaq olar. Ondan artığı ilə yox.
"Başqa sözlə desək, bir növ şüşə tavan kimi müəyyən sərhəd var, ondan sonra pul artıq xoşbəxtlik gətirmir", - deyə Kazanoff Linkedin-də paylaşımında bildirib. Daxilən biz bunun elə belə də olduğunu təxmin edirik. Əgər insan özünə layiq mənzil ala bilmirsə və ailəsini dolandırmaq üçün pulu yoxdursa əlavə gəlir onun rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Lakin bununla yanaşı, çox nadir hallarda insanlar çox pulları olan zamanları həyatlarının ən gözəl anları hesab edirlər".
Bruce Kazanoff qeyd edir ki, tədqiqatçılar ümumiyyətlə həyat keyfiyyətini deyil, daha çox rifah hissinin dərəcəsini araşdırıblar.
"Onlar rifah hissini "xoşbəxtlik" anlayışına bərabərləşdiriblər. Bu hissə emosiyalar daxildir ki, gündəlik həyatı biz onlarla qəbul edirik. Onların arasında sevinc, qüssə, qəzəb, zövq, maraq, tənhalıq da ola bilər", - o yazır.
Bəs belə olan halda pul və xoşbəxtlik kateqoriyasında bütün bunlar nə deməkdir?
"Əgər sizin maaş iki dəfə artsa, illik 150 min dollar olsa, sizin şəxsi həyatınızın rasional keyfiyyət dəyəri artacaq. Lakin maaşın iki dəfə artması gündəlik həyatda mütləq xoşbəxtlik gətirmir. Bu işi xoşa gələn, ailəni və dostları daha yaxın etmir", - Kazanoff yazır.