Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlər idxal etdikləri məhsulların ölkədə istehsalı barədə fikirləşirlər. Bəzi şirətlər isə artıq buna başlayıblar. FED.az Azərbaycandakı biznes mühit, aparılan islahatlar, «Engin LTD» şirkətinin Azərbaycanda fəaliyyəti və planları barədə «Engin LTD» şirkətinin direktoru Gürkan bəy Andaçın müsahibəsini təqdim edir.
- Gürkan bəy, «Engin LTD» şirkəti Azərbaycanda nə vaxtdan işə başlayıb?
- İlk öncə bu cür mötəbər bir jurnalda şirkətimizin fəaliyyətini işıqlandıraraq verdiyiniz əhəmiyyətə görə təşəkkür edirəm. Şirkətimiz Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir və əlbəttə ki, 18 il ərzində nəzərəçarpacaq dərəcədə inkişafa nail olub. Fəaliyyətə başladığımız dövr ölkə üçün də ciddi əhəmiyyətli hadisələrin baş verdiyi dövr idi. Çox şadıq ki, məhz iqtisadiyyatın canlandığı və yeni dövrə qədəm qoyduğu bir dövrdə yaranıb inkişaf etməyə başlamışıq və Azərbaycan ilə birlikdə müxtəlif iqtisadi mərhələlərdən uğurla keçirik.
“Dəyişiklikdən sonra ipoteka götürmək asanlaşıb” - BANKİRLƏ MÜSAHİBƏ
- Şirkətinizin əsas fəaliyyəti nədən ibarətdir?
- Şirkətimiz dünyaca məşhur markaları Azərbaycan bazarına təqdim edir. Şirkət olaraq bizim üçün istehlakçıların ehtiyaclarını qarşılayaraq yüksək səmərəliliyə nail olmaq olduqca vacibdir. “Engin” hər birimizin gündəlik olaraq çox rahatlıqla istifadə etdiyi yüksək keyfiyyətli məhsulları ərsəyə gətirən “Procter&Gamble”, “Eczaçıbaşı”, “Coty”, “Fater”, “Danone”, “Kellogg’s”, “Castrol”, “Ferrero Group” və digərləri kimi nüfuzlu dünya şirkətlərinin sadiq tərəfdaşıdır.
«Devalvasiya yalnız bir halda ola bilər...» - MÜSAHİBƏ
- «Engin LTD» Azərbaycanın hansı bölgələrində fəaliyyət göstərir və bundan sonrakı genişlənmə planları varmı?
- Effektiv idarəetmə sistemi ilə fəaliyyətimiz bütün Azərbaycan ərazisini əhatə edir. 2000-ci ildə Bakıda bir ofislə fəaliyyətə başlayaraq qısa zamanda ölkənin xüsusi əhəmiyyətli digər 7 şəhərində də öz regional ofislərimizi yaratmışıq. Hal-hazırda 10 min müştərimiz, 6 milyon istehlakçımız var. Məqsədimiz portfoliomuzu yalnız keyfiyyətli brendlərlə genişləndirmək və tərəfdaşlarımıza və istehlakçılarımıza daha yüksək xidmət göstərməkdir. Tərəfdaşlarımızla münasibətlərimizi daim yenilənən və inkişaf edən dünyanın standarları ilə ayaqlaşaraq qurmağa çalışırıq və davamlı olaraq bu münasibətlərə innovasiyalar gətirməyə fokuslanırıq.
Gəlirləri artırmaq üçün dövlətin satmağa heç nəyi qalmayıb - MÜSAHİBƏ
- Son vaxtlar Azərbaycanda biznesin inkişafı və rəqabət şəratinin yaxşılaşdırılması üçün işlər görülür. Xarici şirkət olaraq bu işlərin təsirini necə hiss edirsiniz?
- Biz əsas diqqətimizi davamlı inkişafa yönəltmişik və bu məqsədlə fəaliyyətimizi ölkənin iqtisadi həyatında baş verən yenilikləri əhatə edərək təkmilləşdirməyə çalışırıq. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapan gömrük prosedurlarının təkmilləşdirilməsi, yerli bazara investisiya cəlb olunmasının asanlaşdırılmasının iqtisadiyyatımızın rəqabətliliyini daha da artıracağına inanırıq. Ümumiyyətlə, sirr deyil ki, Azərbaycan qlobal böhran dövründə sabit inkişafını qoruyub saxlayıb. Təbii ki, dözümlü və daima inkişaf edən bir mühitdə biznes fəaliyyəti göstərmək və əziyyətinin bəhrəsini görmək bizi yeni layihələr həyata keçirməyə daha da ruhlandırır.
Dəqiq və məsuliyyətli şirkət olaraq “Engin” şirkəti də dövlət tərəfindən öz layiqli qiymətini taparaq “Şəffaf vergi partnyorluğu statusu” əldə etmişdir.
- Azərbaycanda qeyri-neft sektorunun inkişafı, idxalı əvəz edən məhsulların ölkə daxilində istehsalı ilə bağlı işlər aparılır. Bu işlər çərçivəsində «Engin LTD» şirkətinin hazırda idxal etdiyi mallar gələcəkdə ölkə daxilində istehsal edilə bilərmi?
- Azərbaycan şirkəti olaraq məqsədimiz Azərbaycanda istehsal edə biləcəyimiz bütün məhsulları burada istehsal edə bilmək, eyni zamanda daha çox insanı işlə təmin edə bilməkdir. Əlbəttə ki, önəmli olan həmin məhsulların Azərbaycanda eyni yüksək keyfiyyətlə istehsal olunmasıdır. Buna isə ancaq düzgün planlama və təşkilatlanma, yüksək investisiya ilə nail olmaq olar. Məhz bu məqsədlə 7 illik investisiya planı işləyib hazırladıq. Bu planımızın ilkin mərhələsi olaraq artıq Türkiyənin məşhur “Eczaçıbaşı” şirkətinin brendləri olan “Selpak” və “Silen” markalarının bəzi məhsullarının şirkətin öz lisenziyası ilə Azərbaycanda istehsalına başlamışıq. Adıçəkilən məhsulların burada istehsal olunması istehlakçılarımıza daha sərfəli qiymətə yüksək keyfiyyətli məhsullar təqdim etməyimizə şərait yaradır.
Qarşımızda duran növbəti mərhələ daha çox “Eczaçıbaşı” məhsulunun, növbəti mərhələlər isə digər tərəfdaşlarımızın məhsullarının ölkəmizdə istehsalına başlamaqdır.
- Bir ölkədə ticarət fəaliyyətinin aparılması burada nəqliyyat-logistika-daşımaçılıq sisteminin də keyfiyyətli çalışmasını tələb edir. Azərbaycanda bu sahədə vəziyyət sizcə necədir və hansı işlərin görülməsi sizcə faydalı olardı?
- Sevindirici haldır ki, ölkədə logistika və nəqliyyat sahəsində yeni layihələr bir-birinin ardınca həyata keçirilməkdədir. Məsələn, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələri Azərbaycanın beynəlxalq dəhlizlərə inteqrasiyasını gücləndirir. Ölkənin nəqliyyat-logistika sisteminin səmərəlilik, əlverişli mövqe və əlavə dəyər yaradan xidmətlər baxımından hərtərəfli təchizatı fəaliyyətimizə müsbət təkan verir. Biz də öz növbəmizdə bu sahəyə töhfələrimizi veririk. Bakıda yerləşən, ən son texnologiya ilə təchiz edilmiş soyuducu anbar, alışabilən məhsullar və sıradan mallar üçün anbarlardan ibarət olan logistika mərkəzimiz və ölkənin 6 bölgəsində yerləşən transfer nöqtələrimiz vasitəsi ilə bütün Azərbaycana xidmət edirik.
- Son vaxtlar Azərbaycanın ödəniş sistemləri sahəsində də yeniliklər baş verməkdədir. Ödəniş infrastrukturunun təkmilləşdirilməsi «Engin» və bu sahədə çalışan başqa şirkətlərinə necə təsir edə bilər?
- 18 illik fəaliyyəti boyunca şirkətin ən mühüm üstünlüklərindən biri biznesin bütün sahələrində qabaqcıl innovasiyaların tətbiqidir. Xüsusi ilə vurğulamaq yerinə düşər ki, 2017-ci ildən etibarən şirkətimiz “SAP” sisteminə uğurla keçib və bu sistem sayəsində əməliyyatlarımız artıq daha effektiv və sürətlə həyata keçməkdədir. Yeniliklərə açıq olduğumuzdan ölkəmizin qabaqcıl bankları öz yeni məhsullarını bizimlə sınaqdan keçirməyi seçirlər. Buna misal olaraq ödənişlərin onlayn bankinq vasitəsilə həyata keçirilməsini göstərmək olar. Həmçinin şirkətimiz B2B (Business to Business) bank məhsulunun inteqrasiyasını həyata keçirtmişdir. Bu da öz növbəsində vaxt və resursların qənaətli istifadəsi deməkdir. Bundan başqa, müştərilərin ödənişlərini vaxtında həyata keçirmələri üçün gündəlik olaraq böyük həcmdə Q/F-ın göndərilməsinin avtomatlaşdırılmasını qeyd etmək olar.
- Şirkətinizin elan etdiyi əsas prinsipləri işçilərə qayğı və onların işinə dəstək olmaqdır. Buna necə nali olunur və bunun üçün hansı addımlar atılır?
- Şirkətimizin korporativ mədəniyyətində də əks etdirdiyimiz kimi işçilərimiz şirkətin ən əsas dəyəridir. İş və şəxsi həyat balansının önəmli olduğunu nəzərə alaraq əməkdaşlarımıza tibbi sığorta, müxtəlif sosial imkanlar və fəaliyyətlər təklif edirik və daima bunun üzərində işləyirik. Bundan əlavə davamlı olaraq daxili və xarici təlimlər təşkil edirik və onları günbəgün daha da peşəkarlaşmış görmək istəyirik. İl ərzində ən azı 1 dəfə qiymətləndirmələr aparırıq və iş bölgüsünü şəxsin potensialına uyğun olaraq paylaşdırmağa çalışırıq. İş mühitimizdə hər bir əməkdaşımız üçün bərabər yüksəlmə imkanları təyin olunub. Motivasiya ruhunun yüksəldilməsi üçün isə gözləntilərin üzərində fəaliyyət göstərdiyimizi simvolizə edən effektiv “101 %” və “Beyond” konseptlərimiz var. İşçiyönümlü şirkət olmasının nəticəsidir ki, bu gün “Engin” öz əməkdaşları üçün əvəzolunmaz məktəb hesab olunur. Biz, həqiqətən, inanırıq ki, nümunəvi şirkət olmağımız məhz işçilərimiz sayəsində baş tutub və bu həmişə olduğu kimi qalacaqdır.
Baş baytar: "İndidən heyvanlar üçün yem alın" - MÜSAHİBƏ