Azərbaycanda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərə dəyişikliklər gözlənilir, artıq bununla bağlı qanun layihəsi müxtəlif qurumlarda müzakirə edilir. FED.az xəbər verir ki, buradakı əsas dəyişikliklərdən biri həyat sığortası üzrə ödənişlərə aiddir.
İndiyədək qüvvədə olan qnunvericiliyə görə, həyat sığortası üçün ödənilən sığorta haqları (həyatın yığım sığortası üçün) vergidən və sosial ödənişlərdən azad idi. Bu da həyat sığortası müştərilərinə öz gəlirlərini yüksək gəlirliliklə (illik təqribən 46%) yerləşdirməyə imkan verir və ümumilikdə sığorta bazarının bu sektoruna marağı artırırdı. Qanunevriciliyə görə, yığım sığortası üzrə müqavilələr azı 3 il müddətinə bağlanmalı olduğuna görə, sığorta müştərisi 3 il müddətinə əmək haqqından tutulan vergidən və DSMF-ə ödənişlərdən azad edilirdi.
Amma indi Dövlət Sosial Müdafiə Fondu (DSMF) «Sosial sığortalar haqqında» qanuna dəyişikliklər təklif edib. Təkliflərdə bu sığorta növü üzrə məhdudiyyətlərin olması nəzərdə tutulur. Belə ki, fond təklif edir ki, bu güzəşt yalnız 1 500-2 500 manata qədər olan maaşlarda tətbiq edilsin. Daha yüksək maaşlarda isə bu güzəşt 50% olsun. Azərbaycanın sığortaçıları, xüsusilə də həyat sığortası şirkətləri isə qanuna belə dəyişikliklərin qəti əleyhinədir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli FED.az-a bildirib ki, sığorta sektoru qanuna dəyişikliklərin edilməməsinin və vəziyətin olduğu kimi qalmasını istəyir: «Biz sığorta şirkətləri olaraq bu məhdudiyətlərin tətbiq edilməməsini, yəni hər şeyin olduğu kimi qalmasını istəyirik». ASA rəhbərinin sözlərinə görə, hazırda həyat sığortasına verilən güzəştlər və bunun nəticəsində yaranan yığım imkanları bu sahəyə marağı artırır və digər məsələləri stimullaşdırır: «Çünki bu sahəni inkişaf etdirmək lazımdır. Bu sahə özündən başqa bir sıra sahələri, o cümlədən maaşların rəsmi verilməsini stimullaşdırır».
Başqa sözlə, qanuna gözlənilən dəyişikliklər, əgər bu formada qəbul ediləcəksə, həyat sığortasına marağı azalda bilər. Yeri gəlmişkən, artıq bununla bağlı qızğın müzakirələr başlayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü keçirilib. Həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə «Sosial sığortalar haqqında» qanuna təklif edilən dəyişikliklərlə bağlı DSMF-ə sığortaçılar tərəfindən müraciətin ünvanlanması qərara alınıb. Bundan başqa, məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası və tələb olunduğu halda, hətta Milli Məclisə müraciət edilməsi müzakirə edilib.