Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "Made in Azerbaijan" brendinin təşviqi, qeyri-neft məhsullarının xarici bazarlarda təbliği məqsədi ilə aprelin 12-16-da Qətərə təşkil olunmuş ixrac missiyası başa çatıb. Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil edilən ixrac missiyasında qida, tekstil, və tikinti məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti iştirak edib.
İxrac missiyasına daxil olan Azərbaycan şirkətləri ilə Qətərdən olan həmkarları arasında məhsulların satışının artırılması istiqamətində danışıqlar aparılıb, razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın "IDEA" şirkəti Qətərin "Seven Continents Enterprises", "Zebrano Wood Works", "Redco Construction Alamana" şirkətləri ilə istehsal etdiyi məhsulun ixracına dair razılıq əldə ediblər.
Bundan başqa, Azərbaycanın "FARKO", "Delta Group C.O.", "APIAZ", "Brightman BMC" və "Azertexnolayn" şirkətləri istehsal etdikləri məhsulların Qətərə ixracına dair ilkin razılığa gəliblər.
Missiya çərçivəsində iki ölkənin turizm şirkətləri əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.