Çindən Xəzər dənizi və Azərbaycan üzərindən keçməklə Avropaya dəmir yolu ilə yeni yükdaşıma xidməti istifadəyə verilib.
Eləcə də bax: Qazaxıstan və Tacikistan Azərbaycan üzərindən Avropaya - YÜK DAŞIYACAQ
FED.az xəbər verir ki, Çinin Şansi vilayətinin Sian şəhərindən başlayan marşrut dəmir yolu və bərələr vasitəsi ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dənizdən keçməklə Rumıniyanın Konstantsa limanına, oradan isə Macarıstan, Slovakiya, Çexiyadan keçərək Almaniyanın nəqliyyat qovşağı olan Manheym şəhərinədək uzanır. Təxminən 11 min 300 kilometr uzunluğu olan bu marşurut üzrə idman qurğuları və tekstil məhsulları yüklənmiş 42 konteynerdən ibarət ilk qatar aprelin 13-də Siandakı beynəlxalq yük limanından yola çıxıb.
Bu, Çin ilə Avropa arasında yüklərin daşınması üçün 2020-ci ilin dekabrında Bakı-Tbilisi-Qars xətti vasitəsi ilə istifadəyə verilmiş Türkiyə-Çin (Sian) dəmir yolu əlaqəsinin ardından “Maersk” də daxil olmaqla bir neçə beynəlxalq logistika şirkəti ilə birgə yaradılan növbəti Çin-Avropa marşrutdur.
Sian azad ticarət limanının baş meneceri Yüən Siacun bildirib ki, şimal xəttinə (Rusiya vasitəsilə Avropaya gedən yol) əlavə olaraq bu marşrut yerli və xarici ticarət və logistika şirkətləri üçün yeni imkanlar açacaq. O, marşrutun üzərindəki ölkələrdən və bölgələrdən əvvəllər Çin-Avropa yük qatarlarının nadir hallarda keçdiyini vurğulayaraq, təzə xəttin yerli və xarici müəssisələri yeni beynəlxalq bazarlara çıxaracağını deyib.
“Yeni dəmir yolu marşrutunun açılması daşımaların səmərəliliyini artırır və müəssisələrin nəqliyyat xərclərini azaldır. Bu xətt hazırkı vəziyyətdə logistika şirkətlərinə ixracı sabitləşdirmək üçün daha bir alternativ yaradır”, - deyə Siandakı “Ruiang” beynəlxalq logistika şirkətinin meneceri Cia Min bildirib.
Qeyd edək ki, Avropada hazırki münaqişələr fonunda yeni açılan marşrut Çin ilə Avropa, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında yeni ticarət kanalına çevriləcək, beynəlxalq logistika tədarükü zəncirlərinin sabitləşməsində Çin-Avropa yük qatarlarının rolunu daha da gücləndirəcək.
(Azərtac)