Azərbaycanda yerli biznesi böyük səbirsizliklə gözlədiyi dövlət dəstəyi – logistika üzrə subsidiya mexanizmi hələ də işə düşməyib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, logistika üzərə subsidiya mexanizmi – Azərbaycandan xaricə ixrac olunan məhsulların daşınma xərcinin bir hissəsinin dövlət tərəfindən ödənilməsini nəzərdə tutur.
Bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, bu ildən (2026) etibarən Azərbaycandan ixrac edilən məhsullar üçün logistika üzrə subsidiya mexanizmi tətbiq olunacaq.
AZPROMO rəhbəri izah edib ki, logistika subsidiyası yalnız yeni bazarlarda, artım potensialı olan ölkələr üçün nəzərdə tutulur. Ənənəvi bazarlara isə bu subsidiyalar şamil edilməyəcək. Azərbaycan məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracında logistika məsələləri əsas çağırışlardan biridir (açıqlama BƏƏ nümaynədələri ilə görüşdə verilib – FED.az) və əlavə xərc tələb edə bilər».
Xatırladaq ki, biznesin səbirsizliklə gözlədiyi dəstək mexanizmi 3 il əvvəldən elan edilsə də, indiyədək işə düşməyib.
Belə ki, hələ 2023-cü ilin fevralında, ilk dəfə anons ediləndə AZPROMO-dan bildirilmişdi ki, yeni dəstək mexanizmiişə düşdükdən sonra Azərbaycanın müxtəlif məhsullarının xarici ölkəyə ixracı zamanı daşınma xərcinin bir hissəsi dövlət tərəfindən ödəniləcək. Həmin vaxt hökumətdə müzakirələr başlasa da, dəstək mexanizmi 2023-cü ildə və 2024-cü ildə işə düşmədi.
Bildirilirdi ki, bu yenilik, ənənəvi, yəni indiyədək ixrac edildiyi deyil, ixracın edilmədiyi bazarlara, xüsusilə Körfəz ölkələrinə, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanına ixrac ediləcək mallara aid olacaq.
2024-cü ildə isə elan edildi ki, logistika subsidiyaları 2025-ci ildən işə düşəcək. Bildiridirdi ki, logistika subsidiyası Azərbaycanın bütün ərazisində tətbiq ediləcək. İlkin məlumatlara görə, subsidiyanın 5-7 il müddətinə, azad edilmiş ərazilərdə isə 10 il müddətinə tətbiq olunacağı gözlənilir. Sbsidiya məbləği ixracatçı şirkətlərə ödəniləcək və o, daşınma xərclərinin 70 %-nə qədər ola bilər. Azad edilmiş ərazilərdə isə logistika xərclərinin tamamilə dövlət hesabına tam ödənilməsi nəzərdə tutulur.
2025-ci ildə də işə düşməyən mexanizmin 2026-cı ildə fəaliyyətə başlayacağı elan edilib.










