"Az-Mep Group" MMC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın icraatındadır.
Məhkəmə baxış iclası 24 iyun 2024-cü il, saat 16:20-yə təyin edilib.
Qeyd edək ki, Az-MeP Group 14 may 2013-cü ildə elektrik və mexaniki sistemlərə diqqət yetirməklə yaradılıb və əsasən kiçik və orta miqyaslı tikinti layihələrində fəaliyyət göstərir.
Şirkət 600 min 200 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Sinan Dumandır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr, ev 46, m 3 ünvanıdır.