İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin PwC Azərbaycan şirkəti ilə birgə təşkilatçılığı əsasında “Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri“ mövzusunda seminar keçirilib. FED.az xəbər verir ki, ixracatçı sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulan seminar çərçivəsində vergi sistemi haqqında ümumi məlumat, Vergi Məcəlləsinə edilən əsas dəyişikliklərin mahiyyəti və praktiki tətbiqi, sahibkarlıq subyektlərinin vergi və mühasibat uçotu siyasətinə qoyulan tələblər, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, o cümlədən yoxlamaların hüquqi tənzimlənməsi kimi mövzular haqqında danışılıb.
Təlimdə çıxış edən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verib. O qeyd edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi son bir il ərzində Azərbaycanın ixrac siyasətində önəmli rol oyanıb. N. Hacızadə əlavə edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi korporativ idarəçilik mədəniyyətinin formalaşdırılması baxımından maarifləndirmə siyasətini daima davam etdirəcəkdir.
Seminar “PwC Azərbaycan” şirkətinin vergi və hüquq üzrə aparıcı mütəxəssisləri Elnur Məmmədov, Günel Sadiyeva və Elşən Rəhman tərəfindən aparılıb. Seminarda şirkət rəhbərləri, mühasiblər, maliyyə, vergi mütəxəssisləri və hüquqşünaslar iştirak ediblər.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi dövlət başçısının “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.