Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.
Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.
Eləcə də bax: Problemli kreditlər nə qədərdir?
FED.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ölkə Prezidentinin də bildirdiyi kimi, problemli kreditlər məsələsi həll olunacaq:
“Ölkə Prezidenti problemli kreditlər və bank sektorunun sağlamlaşdırılması məsələsilə bağlı ciddi tapşırıqlar verib. Çünki hazırda bankların özündə ciddi problemlər var, digər tərəfdən problemli kreditlər bunu daha da qabardır. Ona görə də təcili olaraq təkliflər hazırlanır. Təkliflərin içərisində bizim də hökumətə təqdim etdiyimiz paket var. Hansı daha məqbul sayılacaqsa, o da qəbul olunacaq”.
V.Əhmədov qeyd edib ki, əhalinin böyük qismini narahat edən məsələ məhz dollarla götürülmüş kreditlərdir:
“Təkliflər çoxdur. Milli Məclis tərəfindən də təkliflər verilib. Mən sonuncu plenar iclasda da cənab Prezidentə müraciət etmişim. Çünki seçicilərdən aldığımız şikayətlərin çoxu məhz dollarla götürülmüş, vaxtı keçmiş kreditlərlə bağlıdır. Yəqin ki, yaxın bir həftə ərzində bunun müsbət nəticəsini görəcəyik”.
Parlamentarinin sözlərinə görə, son vaxtlar ölkə başçısı tərəfindən çox böyük islahatlara imza atılıb:
“Prezident seçkilərindən sonra İlham Əliyev çox ciddi iqtisadi-sosial islahatalara start verib. Bunun da nəticəsində müsbətə doğru dəyişikliklərin şahidi oluruq və olmaqda davam edəcəyik.
Ümumiyyətlə, son zamanlar şəhid ailələrinin sosial məsələlərinin həlli, minimum əməkhaqqının, minimum pensiyaların əhəmiyyətli dərəcədə artırılması, çoxmənzilli yaşayış binlarına “kupça”ların verilməsilə bağlı sərəncamlar təqdirəlayiqdir. Bəzi insanlar artırılan məbləğlərin az olduğunu iddia edir. Amma nəzərə almaq lazımdır ki, bu sərəncamlar yüzminlərlə insanı əhatə edir. Problemli kreditlər məsələsinin həlli isə milyardlarla vəsaitin xərclənməsi deməkdir”.