Yenilənmiş büdcə qaydası çərçivəsində 2023-cü il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılacaq vəsaitlər azaldılacaq.
Eləcə də bax: Gələn ilin dövlət büdcəsi üçün – 6 ƏSAS RİSK - HESABLAMA PALATASI AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2023-cü il dövlət büdcəsi iləbağlı rəyində bildirilir.
Rəydə deyilir ki, 2023-cü ilin dövlət büdcə layihəsində DNF-dən dövlət büdcəsinə 11 milyard 280 milyon manat transfert nəzərdə tutulub ki, bu da 2022-ci ilin yenilənmiş büdcəsi ilə müqayisədə 237,5 mln. manat və ya 2,1% azdır.
Xatırladaq ki, “Büdcə zərfi”ndə mümkün risklərdən sığortalanmaq məqsədilə ehtiyatlı yanaşma tətbiq edilərək, 2023-cü ilin büdcəsində xam neftin ixrac qiyməti 50 dollar nəzərdə tutulub. Neftin faktiki qiyməti bu proqnozla müqayisədə yüksək olarsa, və qeyri-neft sektoru üzrə daxilolmalar yerinə yetirilsə, dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinin artıqlaması ilə icra edilməsi neft fondunun vəsaitlərinə qənaətə şərait yarada bilər.
Qeyd edək ki, 2022-ci ilin ilkin təsdiq edilmiş büdcəsində neft fondundan 12 miyard 710 milyon manat həcmində məbləğ nəzərdə tutulsa da, büdcəyə yenidən baxılanda bu məbləğ təqribən 1.2 milyard manat azaldılaraq, 11 517,5 mln. manata endirilib.
Cari ilin yanvar-avqust aylarında neft fondu 74 valyuta hərracında 3 milyard 857,3 mln. dollar həcmində valyuta satışı həyata keçirib. Amma tələbat az olduğuna görə, hərraclarda təklif edilən valyuta həcmi tam satılmayıb. Nticədə yanvar-avqust aylarında DNF transfertlərinin 82,9% (1184,8 mln. manat az) icrası ilə nəticələnmişdir. Dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinin proqnozla müqayisədə əhəmiyyətli fərqlə yüksək icrası büdcənin xarici valyutaya olan tələbinin büdcə gəlirləri hesabına ödənilməsini mümkün etməklə, DNF transfertlərindən qənaətlə istifadəyə imkan yaratmışdır.