Yaxın vaxtlarda Azərbaycanın maliyyə sektorunda, xüsusilə də kredit-girov münasibətlərində mühüm yenilik gözlənilir. FED.az xəbər verir ki, bu, ölkədə yeni sistemin - Daşınar Əmlakın Yüklülüyü üzrə Dövlət Reyestrinin işə düşməsi ilə baş verəcək. Reyestrin işə düşməsi, adından da göründüyü kimi, daşına bilən əmlakların girov qismində biznes və bank- kredit əməliyatlarına cəlb olunmasına imkan verəcək.
Reyestrdə qeydə alına bilən potensial daşınar əmlakların siyahısı böyükdür. Bura mobil telefonlardan tutmuş, ofis texnikası – kompüter və printerlər, hətta ofis telefonları, məişət texnikası, soyuducular və ya kondisionerlər, ev və ofis mebelləri və s. aiddir. Xüsusilə bu yenilik özünü aqrar sahədə göstərəcək. Daşınar əmlakın reyestrində kənd təsərrüfatı heyvanlarından tutmuş alətlərə və texnikaya qədər geniş çeşiddə daşınar əmlaklar qeydə alınacaq.
Bu, torpaq sahiblərinə və fermerlərə imkan verəcək ki, öz əşyalarını girov qoyaraq tələb olunan kreditləri götürə bilsinlər. Xatırladaq ki, hazırda Azərbaycanın aqrar sektorunda fermerlərin kreditlə bağlı əsas problemləri girovlarla bağlıdır. Onlar əksər hallarda bankların təoəb etdiyi likvid girov tapmaqda çətinlik çəkirlər. Daşınar əmlakın reyestri sisteminin işə düşməsi isə həm fermerlərin, həm də digər kiçik sahibkarların kredit-girov problemlərini həll edəcək.
Yeni sistemin detallarını bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov açıqlayıb. FED.az-ın suallarına cavab verən İ.Alışov bildirib ki, daşınar əmlakla bağlı təsisatın yaradılması ölkənin maliyyə sisteminin və kreditlərin əlçatanlığının artırılması sahəsində atılan əsas addımlardan biridir. Yeni sistemin yaradılması, bir qədər əvvəl işə düşən kredit zəmanət fondu ilə yanaşı ölkədə kredt aktivliyinin artmasına imkan verəcək.