Azərbaycanda neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinə baxıla bilər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili açıqlamasında bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra yenidən formalaşan hökumətin tövsiyəsi ilə parlament may ayında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə edə bilər: “Dövlət büdcəsinin qəbul edilməsindən sonrakı ötən müddətdə qiymətlərdə sabitlik mövcud olub. Dünya bazarında neftin qiyməti ciddi şəkildə artmayıb. Neftin bir barelinin qiyməti dünya bazarında 60-62 ABŞ dolları arasında dövr edir. Neftin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılması məsələsinə baxıla bilər. Dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılmamasının tərəfdarıyıq. Çünki burada söhbət ilin sonuna qədər olan dövrdən gedir. Hələki ilin 4-cü ayıdır, ilin sonuna neftin qiymətinin hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir”.
Qeyd edək ki, neftin dövlət büdcəsində nəzərdə tutulan qiyməti 45 ABŞ dollarıdır.