Azərbaycanın mikromaliyyə təşkilatları Prezident İlham Əliyevə müraciət edib.
FED.az xəbər verir ki, Azərbaycan Mikromaliyyə Asssosiayasının adından dövlət başçısına ünvanlanan müraciətdə problemli kreditlərin həlli ilə bağlı fərmana görə İlham Əliyevə təşəkkür edilir.
Müraciətdə deyilir:
Möhtərəm cənab Prezident!
Ölkəmizdə vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşması, əhalinin məşğulluğunun və gəlirlərinin artması, yoxsulluq səviyyəsinin daha da azalması və aztəminatlı ailələrin rifah halının yüksəldilməsi istiqamətində bir neçə dəyərli Fərman imzalamışsınız.
Həmin sənədlərin davamı olaraq 28 fevral 2019-cu il tarixində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız Fərman ölkəmizdə sosial iqtisadi inkişafa təkan verən ən önəmli sənədlərdən biridir.
Həmin Fərman bir milyona yaxın fiziki şəxslərə şamil ediləcək və onların maliyyə vəziyyətini yaxşılaşdırmağa, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyətini canlandırmağa təkan verəcəkdir. Bununla yanaşı Fərmanın icrası həmin fiziki şəxsləri maliyyələşdirən bankların və bank olmayan kredit təşkilatlarının da sağlamlaşdırılmasına, ölkədə yeni və sağlam maliyyə-kredit münasibətlərinin inkişafına stimul yaradacaqdır.
Cənab Prezident! Respublika iqtisadiyyatının inkişafına təkan verəcək sosial-iqtisadi yönümlü Fərmana görə Azərbaycan Mikromaliyyə Asssosiayası, onun təmsil etdiyi banklar və bank olmayan kredit təşkilatları adından sizə dərin təşəkkürümüzü bildiririk. Bundan sonra da böyük motivasiya və ruh yüksəkliyi ilə öz fəaliyyətimizi davam etdirəcəyimizi bildiririk.
Mikromaliyyə təşkilatları Prezidentə müraciət etdi - TAM MƏTN
12:51
2 Mart 2019