Novruz Bayramı ərəfəsində bankların valyuta tələbləri artır. FED.az xəbər verir ki, martın 9-da keçirilən hərracda cəmi 12 milyon dollar satılsa da, dünənki hərracda banklar 48 milyon dollar alıblar.
Əslində bazarda manatla bağlı heç bir təhdid yoxdur və qarşıdakı aylarda da bu görünmür. Əgər Mərkəzi Bankın açıqladığı kursun daimi olaraq 1,700 və 1,7001 arasında “üzdüyünü” nəzərə alsaq və məzənnələrdə ancaq avro-dollarla bağlı reallıqların öz əksini tapdığını xatırlasaq, demək olar ki, Azərbaycanda maliyyə sabitliyi davam edir.
Bankların bu dövrdə dollara olan ehtiyacı isə qarşıdakı bayram günlərində insanların istirahətə getməsi ilə əlaqədar dollara tələbatın artması və idxal prosesləri ilə bağlıdır.
Eləcə də bax: Sərt kredit tələbləri işləmədi – GERİ ADDIM ATILIR
Qeyd edək ki, martda ölkəmizə turist axını ilə bərabər dollar axını da baş verir, lakin ölkədən gedənlər isə hesablarında valyutanın həcmini artırır, nağd şəkildə dollar və avro alışı edirlər.
Ekspert Rövşən Ağayev isə daha maraqlı bir fikir səsləndirdi. Onun sözlərinə görə, 2018-ci ilin yanvar ayında təkcə dövlət sektoru üzrə idxalın həcmi 4 dəfə artıb. Bu tendensiyanın digər aylarda da davam edəcəyi gözlənilir. Xüsusən də Azərbaycanın Novruz bayramında istifadə edilən çərəz və quru meyvələri xaricdən aldığını nəzərə alsaq, gömrük rüsumlarındakı sıçrayışları da bura əlavə etsək, mart ayında dollara təbii tələbatın artması gözləniləndir. Banklar isə hazırda valyuta qıtlığı çəkmir, çünki dollarlaşma yüksək həddədir və bu tendensiya da davam edir.
“Dollar bayramlığı” – VALYUTA ALIŞI ARTIB
11:52
14 Mart 2018