Bu gün Bakıda Dünya Bankı Qrupunun və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkil etdiyi imzalama mərasimində Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Asssosasiyası rəsmən təsis edilib.
FED.az xəbər verir ki, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızısan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reystrləri və büroları yeni assosasiyanın üzvləri olublar.
MBNP-nın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Asssosasiyanın yaradılması rəqəmsal iqtisadiyyatda çağırışlara cavab vermək məqsədi daşıyır: "Assosasiya həm təcrübə mübailəsi, həm şəffalığın artırılması, müasir metodların tətbiqi zamanı yaranan suallların cavablandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qurum həm region ölkələrində maliyyə xidmətlərinin inkişafına dəstək olacaq, həm də maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq".
Qeyd edək ki, Assosasiyanın yaradılması MBNP və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) icra etdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənən "Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi" çərçivəsində baş tutub.