Vergi nəzarəti tədbirləri zamanı vergiödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyənləşdirildikdə, vergi orqanı tərəfindən vergiödəyicisinə məlumat verməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən FED.az-a bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vergiödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçota alınması, uçot yerinin dəyişdirilməsi ilə bağlı yenilikləri şərh edərkən deyib.
Eləcə də bax: Nazirlik: Bəyan edilməmiş gəlirə görə maliyyə sanksiyası tətbiq olunacaq
Ə.Məmmədov qeyd edib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergiödəyicisinin digər təsərrüfat subyekti olduqda həm özünün olduğu yer, həm də digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi orqanına təqdim etdiyi ərizə əsasında uçota alınır.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergiödəyicisinin iki və daha çox təsərrüfat subyekti olduqda, həmin vergiödəyicisi iqtisadi maraqlar mərkəzinin (vergiödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergiödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer) yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.